Yeni bir araşdırma göstərdi ki, məşq xərçəngin təkrarlanmasının qarşısını almaqda "dərmanlardan daha təsirli" ola bilər.
ABŞ, Böyük Britaniya, Fransa, Kanada və Avstraliyada yüzlərlə xəstənin iştirakı ilə aparılan qabaqcıl bir araşdırmaya görə, müalicədən sonra müntəzəm məşq etmək xərçəngin geri qayıtmasının qarşısını almaqda dərmanlardan daha təsirli ola bilər.
Çikaqoda Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) toplantısında təqdim edilən və “New England Journal of Medicine” jurnalında dərc edilən araşdırmada idmanın ölüm riskini 37 faiz, yeni və ya təkrarlanan şiş riskini isə yüzdə 28 azaltdığı bildirildi.
Kolon xərçəngi xəstələri üzərində aparılan 14 illik araşdırmaya görə, müalicədən sonra fərdi idman proqramına qatılan xəstələrin sağlamlıq nisbətləri əhəmiyyətli dərəcədə artıb. Proqramın bir hissəsi olaraq, xəstələrə şəxsi məşqçinin müşayiəti ilə həftədə üç-dörd dəfə 45-60 dəqiqə gəzmək və ya oxşar fiziki fəaliyyətlərlə məşğul olmaq tövsiyə olunub. ASCO-nun Tibb Direktoru Culi Qralou araşdırma haqqında, "Bu nəticələr göstərir ki, o, bir çox dərmanlara daha təsirli və ziyansız alternativ təklif edir. Məşq sözün əsl mənasında dərmandan daha yaxşıdır”, – deyib. Tədqiqatda 889 kolon xərçəngi xəstəsi iki qrupa bölünüb. Bir qrup yalnız sağlam həyat tərzi məlumatı olan bir broşür alıb, digər qrup isə üç il ərzində idman proqramına daxil edilib. Beş ilin sonunda məşq qrupunun təkrarlanan və ya yeni xərçəngə tutulma riski 28 faiz azalıb. Səkkiz ildən sonra isə ölüm riski 37 faiz azalıb.
Tədqiqat birbaşa kolon xərçənginə yönəldilsə də, mütəxəssislər oxşar faydaların digər xərçəng növlərinə də aid ola biləcəyinə diqqət çəkirlər. Yale Universitetindən doktor Pamela Kunz, “Bu səviyyədə təsirə malik bir müdaxilənin geniş yayılacağı qaçılmazdır”, – deyib.
Professor Steven Pouis isə, "Bu araşdırma göstərir ki, əməliyyat və müalicədən sonra fərdiləşdirilmiş məşq planları həyat qurtara bilər, lakin məşq hər xəstə üçün uyğun olmaya bilər və həmişə həkimə müraciət edilməlidir”, – deyib.