Vaxt.Az

«Qeyd etmək istərdim ki,...»


 

İlham Əliyev: «Sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi ...»

«Qeyd etmək istərdim ki,...» Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «The Business Year» nəşrinə müsahibə verib. Vaxt.az həmin müsahibəni oxucularına təqdim edir.

 

- Siz ötən ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində inamlı qələbə qazandınız. Qələbənizi şərtləndirən başlıca amillər barədə nə deyə bilərsiniz və növbəti prezidentlik dövrünün prioritetləri nədən ibarət olacaq?

- 2013-cü il prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuş və son 10 ildə həyata keçirilən siyasi kursa cəmiyyətimizin münasibətini nümayiş etdirmişdir. Keçən illər ərzində biz ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirməklə dövlətimizin və cəmiyyətimizin qarşısında duran mühüm məsələlərin həllinə nail olduq. Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyanın lider ölkələrindən birinə çevrildi və daha da gücləndi. Düşünülmüş proqramlar əsasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artdı, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçdi. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170 milyard dolları ötmüşdür.

Sürətli inkişaf həm də vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olmuşdur. Son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Hesab edirəm ki, yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizə düşməsi, habelə işsizliyin iki dəfə azalaraq cəmi 5 faiz təşkil etməsi bizim ölkənin mühüm uğuru hesab oluna bilər. 10 ildə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilmiş, şəhər, qəsəbə və kəndlərimiz müasirləşmiş, bütün sahələrdə ən müasir standartlar və qabaqcıl texnologiyalar tətbiq olunmuşdur.

Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun «Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014» hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutmuşdur.

Bu illər ərzində dünyada mövqelərimiz möhkəmlənmiş, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır. Bizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildə təsdiq edir ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi qəbul edilir.

Hazırda dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda tam əks proseslərin müşahidə olunması - sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi və s. düşünürəm ki, 2013-cü il prezident seçkilərinin taleyini həll edən başlıca amillər olmuşdur. Seçkiləri müşahidə edən AŞPA, Avropa Parlamenti, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar seçki prosesini birmənalı olaraq yüksək qiymətləndirmiş, onun azad, ədalətli və şəffaf keçdiyini bəyan etmişlər. Bu da onu göstərir ki, seçki və onun nəticəsi ilə bağlı Azərbaycan xalqının və beynəlxalq birliyin rəyləri üst-üstə düşmüşdür. Azərbaycan xalqı öz seçimi ilə həm bu günədək həyata keçirilən siyasətə, həm də gələcək fəaliyyətimizə öz dəstəyini ifadə etmişdir.

Qarşıda həlli vacib olan mühüm məsələlər vardır. Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.

 

- 2013-cü il Azərbaycanda «informasiya-kommunikasiya texnologiyaları ili» elan edilmiş və ölkəniz İKT sektorunun inkişafında böyük nailiyyətlərə imza atmışdır. İrəliyə baxarkən, Azərbaycanın inkişafında müasir texnologiyalar hansı rol oynayacaq?

- Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin üstün cəhəti ondan ibarətdir ki, bütün tədbirlər ölkənin real potensialı, dünya iqtisadiyyatının inkişaf meylləri nəzərə alınmaqla və konkret proqramlar əsasında reallaşdırılır. Təcrübə göstərir ki, rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması üçün müasir texnologiyaların tətbiqi başlıca şərtlərdən biridir. Buna görə də ölkəmizdə təkcə iqtisadi deyil, bütün digər sahələrdə də innovasiyalardan geniş istifadə olunur.

İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir. 2003-cü ildə İKT üzrə Milli Strategiyanın, sonrakı illərdə isə «Elektron Azərbaycan Dövlət Proqramı»nın qəbul edilməsi və icrası bu sahənin inkişafına güclü təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına bütövlükdə 3 milyard dollardan artıq sərmayə yatırılmışdır. Bunun nəticəsidir ki, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin əsasının qoyulması ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə olmuşdur. Növbəti illərdə daha iki peykin orbitə çıxarılması üçün müvafiq tədbirlər görülür.

Bununla yanaşı, Azərbaycanda son illərdə internet sürətlə inkişaf edir. Ümumdünya Telekommunikasiya Təşkilatının hesabatına əsasən, bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Artıq respublikanın hər bir şəhərinə genişzolaqlı internetin çəkilişi başlanmışdır.

Azərbaycanın gələcək inkişafında yüksək texnologiyaların roluna gəldikdə, qeyd etmək istərdim ki, hazırda iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi və rəqabət qabiliyyətinin artırılması üçün müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsi, tətbiqi elmi tədqiqatların aparılması, bu sektora yerli və xarici investisiyaların cəlb edilməsi, müvafiq kadr bazasının yaradılması və digər istiqamətlər üzrə tədbirlər həyata keçirilir. Qarşıda duran vəzifələri səmərəli şəkildə həll etmək məqsədi ilə Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis edilmişdir. İnnovasiyalara, yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyatın formalaşdırılması bizim əsas hədəflərimizdən biridir və bu məqsədə doğru ardıcıl şəkildə irəliləyirik.

 

- 2014-cü il Azərbaycanda «Sənaye ili» elan edilib. Qarşıdan gələn dövrdə bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Əvvəllər əsasən aqrar respublika hesab olunan Azərbaycanda ötən əsrin 70-80-ci illərində sənayenin inkişaf etdirilməsi məqsədi ilə mühüm addımlar atılmış, ümumittifaq səviyyəli yüzlərlə yeni sənaye müəssisəsi işə salınmış və müttəfiq respublikalar üçün müxtəlif çeşidli məhsullar istehsal edilmişdir. Lakin SSRİ-nin süqutu ilə keçmiş respublikalar arasındakı iqtisadi əlaqələr pozulmuş və ümumilikdə planlı iqtisadiyyat tənəzzülə uğramışdır. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkədə hökm sürən hərc-mərclik şəraiti, mövcud müəssisələrin fiziki və mənəvi cəhətdən köhnəlməsi və s. nəticəsində iqtisadiyyat getdikcə aşağı düşmüş, istehsal prosesi pozulmuşdur. Odur ki, yalnız ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 2000-ci ilin əvvəllərində istehsalın həcmini 1990-cı ilin səviyyəsinə çatdırmaq mümkün olmuşdur.

Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir qismi məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur. Bundan başqa, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının həcmini 2,7 dəfə artırmışdır.

Hazırda qarşımızda duran əsas vəzifələrdən biri mövcud potensiala əsaslanaraq Azərbaycanı güclü sənaye dövlətinə çevirməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsalat dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də 2014-cü il «Sənaye ili» elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, «Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı»nın hazırlanması və təsdiq olunması nəzərdə tutulur.

Hesab edirik ki, toplanmış təcrübə və ölkəmizin ümumi iqtisadi potensialı qarşıda duran vəzifələrin uğurla həll edilməsinə imkan verəcəkdir.

 

- Keçən ay regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı təsdiq olundu. Əvvəlki iki proqramın icrası nəticəsində nəyə nail olunmuşdur və üçüncü proqramın icrasından nə gözlənilir?

- 2004-cü ildə birinci Dövlət Proqramını qəbul edərkən əsas məqsədimiz regionların hərtərəfli inkişafını təmin etmək, bölgələrlə paytaxtın inkişaf səviyyəsi arasındakı kəskin fərqi aradan qaldırmaq olmuşdur. Mən hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər etimad göstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, bu məqsədlə xüsusi proqram qəbul ediləcəkdir. Belə də oldu.

2003-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının qəbul edilməsi, həmin proqramlara əlavə olaraq 250-yə yaxın sərəncamın imzalanması və icrası bölgələrdə böyük dönüş yaratmış, regionların sosial-iqtisadi mənzərəsini tamamilə dəyişmişdir. Nəticədə bölgələrdə kommunal xidmətlərin və sosial infrastrukturların keyfiyyəti yüksəlmiş, sahibkarlıq mühiti yaxşılaşmış, investisiya qoyuluşu artmış, minlərlə yeni müəssisə fəaliyyətə başlamış, 900 mini daimi olmaqla 1,2 milyondan çox iş yeri yaradılmışdır. Son 10 il ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye istehsalı 3,1 dəfə artmışdır. Azərbaycanın bölgələri, bütün yaşayış məntəqələri abadlaşmış və müasirləşmişdir. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur.

Bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Buna görə, müasir dövrün çağırışları da nəzərə alınmaqla, regionlarımızın dinamik inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir. Hesab edirəm ki, yeni təsdiq olunmuş «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası qeyri-neft sektorunun davamlı inkişafını, infrastrukturların və sosial xidmətlərin daha da yaxşılaşmasını, dünyada mövcud olan ən yüksək standartlar səviyyəsinə çatdırılmasını təmin edəcəkdir.

 

- Son illər Azərbaycan xarici siyasət sahəsində də mühüm uğurlar əldə etmişdir. Ölkənizin BMT Təhlükəsizlik Şurasında fəaliyyəti, xarici siyasətin yeni prioritetlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi və s. məsələləri bu sıraya daxil etmək olar. Qarşıdan gələn dövrdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri hansılar olacaq?

- Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan bir dövlət hesab olunur. 2011-ci ildə sərt rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz xalqımızın tarixi nailiyyəti, xarici siyasətimizin böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazandığını göstərmişdir. Göründüyü kimi, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə, xüsusilə quruma sədrliyi müddətində Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verərək, xüsusi fəallığı ilə seçilmişdir.

Azərbaycan həm də qlobal transmilli və çoxsaylı regional layihələrin əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz və dünya üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması üzrə «Şahdəniz-2» beynəlxalq yekun investisiya layihəsi imzalanmışdır. Hesab edirəm ki, «Şahdəniz-2» dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə «XXI əsrin kontraktı» kimi düşəcəkdir.

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi buna sübut ola bilər.

Bizim aparıcı beynəlxalq təşkilatlarla və başqa ölkələrlə çoxtərəfli və ikitərəfli münasibətlərimiz də inkişaf etmişdir. Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumların çərçivəsində səmərəli fəaliyyətini davam etdirmişdir. Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalanmışdır. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin göstəricisidir. Əminəm ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı strateji tərəfdaşlığın ən səmərəli formatını yaratmağa nail olacağıq.

Biz region ölkələri, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərimizi inkişaf etdirməklə yanaşı, xarici siyasətimizin yeni vektorlarına uyğun olaraq, həm də qeyri-ənənəvi istiqamətlər üzrə fəal diplomatiya nümayiş etdirdik. Bu mənada Avropa və Asiya ölkələri ilə ənənəvi tərəfdaşlıq münasibətlərimizi davam etdirməklə yanaşı, həm də üzv olduğumuz Qoşulmama Hərəkatı ölkələri, Latın Amerikası və Afrika dövlətləri ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsini xarici siyasətimizin prioritetləri sırasına daxil etmişik. Təsadüfi deyil ki, son dövrlərdə Latın Amerikasının bir sıra ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinə dəstək vermişlər. Artıq dünyanın 10 ölkəsi 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xocalıda törədilmiş qətliamı soyqırımı aktı kimi tanımış, həmin dövlətlərin parlamentləri müvafiq qərarlar qəbul etmişlər.

Qarşıdan gələn illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcəkdir. Xarici siyasətimizin təməlində Azərbaycanın milli maraqlarının qorunması dayanır ki, bu istiqamətdə bütün lazımi addımlar atılacaqdır.

Təəssüflə qeyd etməliyəm ki, xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bu günə kimi ciddi bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmaqda davam edir və mövcud status-kvonun saxlanmasına çalışır. Düzdür, ötən ilin sonunda danışıqlar prosesində nisbi canlanma müşahidə edilmişdir. Buna görə də, güman etmək olar ki, 2014-cü ildə bu proses davam etdiriləcəkdir. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ediləcəkdir. Münaqişə davam etdikcə Ermənistan dövləti bölgənin bütün transmilli və regional inkişaf layihələrindən kənarda qalacaq, erməni xalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcəkdir.

 

- Səbirsizliklə gözlənilən I Avropa Oyunlarına hazırlıq işləri necə gedir?

- Bu il I Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyduq. Məlumdur ki, bu səviyyəli tədbirlərə hazırlıq adətən 7-8 il davam edir. Biz isə cəmi iki il yarım ərzində Avropa Yay Oyunları kimi möhtəşəm tədbir keçirmək niyyətindəyik. Əminəm ki, qarşıda duran bütün məsələlərin həllinə vaxtında nail olunacaq. Artıq Təşkilat Komitəsi formalaşmış və olduqca məhsuldar fəaliyyət göstərir. Tədbirin keçirilməsi nəzərdə tutulan idman obyektlərinin böyük əksəriyyətinin tikintisi bu il başa çatmalıdır. Olimpiya stadionunun, su idman sarayının, stend atıcılığı mərkəzinin tikintisi davam etdirilir. Artıq gimnastika mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev İdman-Konsert Kompleksi, Bakı İdman Sarayı əsaslı təmir olunur, digər idman obyektləri yaradılır. Ancaq bu oyunlara hazırlıq təkcə müvafiq idman obyektlərinin tikintisi ilə məhdudlaşmır. Eyni zamanda, təhlükəsizlik, nəqliyyat, Olimpiya şəhərciyinin yaranması, qonaqların, idmançıların qarşılanması, yerləşməsi, məşqlərin keçirilməsi və digər məsələlər çox ciddi diqqət tələb edir. Nəzərə alsaq ki, Azərbaycanın artıq güclü potensialı, oturuşmuş idman infrastrukturu mövcuddur və bizim böyük beynəlxalq tədbirləri təşkil etməkdə yaxşı təcrübəmiz vardır, əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirə biləcəyik. Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan standartlar bundan sonrakı Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcəkdir.

 





14.05.2014    çap et  çap et