Hadisə mayın 30-da Praqadan təxminən 90 kilometr qərbdə yerləşən Plzen şəhərində baş verib. “Pravo” qəzetinin yazdığına görə, yaşlı qadının həyat yoldaşı səhər onu oyada bilməyəndə təcili yardıma zəng edərək “Yəqin ki, ölüb” deyib. Hadisə yerinə gələn həkim qadının həyatını itirdiyini zənn edərək rəsmi ölüm şəhadətnaməsi verib.
***
Lakin az sonra hadisə yerinə gələn dəfn şirkətinin əməkdaşları qadını tabuta qoyarkən onun gözlərini açdığını görüblər. Dərhal təcili yardıma yenidən məlumat verilib. Qadın xəstəxanaya aparılıb və müşahidə altında saxlanılıb. Səlahiyyətlilər, yaşlı qadının yaşını və mövcud xəstəlikləri nəzərə alaraq səhhətinin "yaxşı" olduğunu söyləyib.
***
Plzen polisi yaşlı qadına kömək etməmək şübhəsi ilə ölüm şəhadətnaməsi verən həkimlə bağlı araşdırmalara başlayıb. Həkimin səhlənkar hərəkət etdiyi hesab edilir. Dəfn şirkəti baş verənlərdən təəssüfləndiyini bildirib və şəxsi heyətlə bağlı lazımi addımların atılacağını açıqlayıb.