Minimalist prozanın çətinliyini mən həmişə belə başa düşmüşəm: biri var həyatımızı asanlaşdırmaq üçün ağlımızın qayçısı ilə həftəyə, aya, ilə böldüyümüz zamanın təsviri – burada daha çox xarici gerçəkliyin, sosial mühitin üst qatındakı aktlar, əməllər vizuallaşır. Biri də var hər bir fərdin içində irəli-geri doğru axan, keçmişlə gələcək arasında yırğalanan individual zamana enmək – bu, arxetiplərin, patologiyaların, itkilərin, mifoloji obrazların dünyasıdır. Birincisi üfüqi, ikincisi şaqulidir. Əgər minimalist proza bu ikinci müstəvini göz ardı etsə, eləcə həyatın surətini, inventarını çıxaran protokola çevrilə bilər. Bu, müəllifdən kəndirbaz diqqətini tələb edir. Orxan “Anka” hekayəsində bu kəndirbazlığı məharətlə bacarıb.
“Anka” hekayəsi aysberq prinsipi ilə yazılıb. Bu prinsipin məntiqi belədir: üzdə gündəlik hadisələr sadə dillə ifadə edilir, ancaq sözlərin, jestlərin, mimikaların altında axıra qədər deyilməyən, sezdirilən, eyham vurulan, örd-basdır edilən duyğular gəzişir. Məsələn, “Anka” hekayəsinin kişi personajı qurbağa səsi eşidir. Bu, çöldən gələn yox, təhtəlşüurdan gələn səsdir. Qurbağa mifoloji mətnlərdə metamorfozu, keçidi ifadə canlıdır, çünki həm quruda, həm suda yaşayır, yəni həm ana bətninə aiddir, həm də işıqlı dünyaya. Qurbağa embrionun uşağa çevrilməsinin (yaxud çevrilməməsinin) metaforasıdır.
...Vaxtilə Cemal Sürəya Sunay Akının ilk kitabı üçün yazdığı önsözdə demişdi ki, zərimi səndən yana atıram. Orxan, bu gözəl hekayədən sonra mən də “ruletka”da daşlarımdan birini sənə oynayıram.
P.S. Qriplə əlbəyaxa olmasam, daha çox şey yazmaq olardı.