Təxminən 5000 tona yaxın döyüş gəmisinin suya buraxılmaması hadisə yerində olan Şimali Koreya lideri Kim Çen Inın qəzəbinə səbəb olub.
Kim qəzanın ölkənin şərəfinə xələl gətirdiyini vurğulayıb və günahkarların ciddi şəkildə cəzalandırılacağını bildirib.
***
Şimali Koreyanı izləyən ABŞ-da yerləşən 38 North proqramı, 2 iyun tarixli kommersiya peyk şəkillərinə əsaslanaraq, esminesin mayın 21-də baş verən qəzadan sonra ilk dəfə dik vəziyyətdə olduğunu bildirdi.
Şimali Koreya hadisədən sonra bəzi məmurları saxladığını və Kim Çen Inın birbaşa əmr verdiyini açıqlayıb. Bildirilib ki, esmines hakim partiyanın bu aya planlaşdırılan iclasından əvvəl qaldırılır.
***
“Kommersiya peyk şəkilləri göstərir ki, “Chongjin” limanındakı işçilər gəmini şaquli vəziyyətə gətirməkdə əhəmiyyətli irəliləyiş əldə edirlər”, – “38 North”un hesabatında deyilir.
Görüntülərdə işçilərin iplərdən və ehtimal ki, şar kimi qaldırıcı sistemlərdən istifadə edərək əl ilə müdaxilə etdikləri göstərilib.
Bununla belə, ekspertlər gəminin ön hissəsinin hələ də quruda olduğunu və sonar bölməsində struktur zədələnməsinin mümkün olduğunu bildirirlər.
“38 North” deyir ki, gəminin tam təmir olunması üçün ya onu tamamilə sudan çıxarıb üzən quru doka yerləşdirmək, ya da başqa gəmiqayırma zavoduna köçürmək lazımdır. Lakin “Chongjin” tərsanəsində belə bir infrastrukturun olmadığı vurğulanır.
Digər hərbi müşahidəçilər bildirirlər ki, bölgədəki gəmiqayırma zavodu əsasən yük və balıqçı gəmilərinin istehsalı üzrə ixtisaslaşıb və bu, iri hərbi gəmilərin suya buraxılmasında ciddi çatışmazlıqlara səbəb olub.