Amerika mediası yazıb ki, ABŞ uranın zənginləşdirilməsi ilə bağlı ictimaiyyətə verdiyi mesajdan fərqli bir təkliflə Tehranın qapısını döyüb: Vaşinqton İranın mülki nüvə enerjisi proqramına sərmayə qoymaq və uranın aşağı səviyyədə zənginləşdirilməsini həyata keçirəcək konsorsiumda iştirak etmək istəyir. Alyansa BMT nəzdində fəaliyyət göstərən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və bəzi Yaxın Şərq ölkələrinin daxil olacağı gözlənilir.
CNN-ə danışan İran rəsmisi ABŞ-ın yeni təklifi ilə bağlı deyib: “Bu, tutarsız və mürəkkəbdir, reallıqdan uzaqdır və həddindən artıq tələbləri əhatə edir”.
Rəsmi həmçinin, “Danışıqların uğur qazanmasına əsas maneə amerikalıların mövqeyini daim dəyişməsidir”, – deyib.
ABŞ-ın yüksək rütbəli rəsmiləri əvvəlcə Tehrana uranı aşağı səviyyədə zənginləşdirməyə icazə verə biləcəklərini desələr də, sonradan bunu heç vaxt təsdiq etməyəcəklərini və İranın yalnız elementi idxal edəcəyini iddia etməyə başladılar.
CNN-in xəbərindən sonra ABŞ prezidenti Donald Tramp da sosial media hesabından “Mümkün razılaşmamız çərçivəsində uranın zənginləşdirilməsinə icazə verməyəcəyik” deyə açıqlama verib.
Tehran isə buna qırmızı xətt kimi baxır. İran uranı zənginləşdirmək hüququna malik olduqlarını və bunun danışıqlar yolu ilə mümkün olmadığını, yalnız zənginləşdirmə fəaliyyətlərinin səviyyəsində dəyişiklik edilə biləcəyini bildirir.
İran nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların götürülməsini istəyir ki, bu da onun atom bombası istehsalının qarşısını alsın.
Tərəflər indiyədək Omanın vasitəçiliyi ilə beş raund danışıqlar aparıblar. Danışıqların növbəti raundunun yeri və vaxtı hələ müəyyən edilməyib. CNN bildirir ki, altıncı tur ümumiyyətlə keçirilməyə bilər.
ABŞ mətbuatı bildirib ki, amerikalı müzakirəçilər mayın 11-də Omanda keçirilən nüvə müzakirələrində İran nümayəndə heyətinə yazılı nüvə razılaşması təklifi təqdim ediblər.
Tramp mövzu ilə bağlı suala “Bəli, təklif var. Amma tez hərəkətə keçməlidirlər, əks halda pis şeylər olacaq”, – deyə cavab verib.
İranın xarici işlər naziri Abbas Araqçı Trampın təxminən iki həftə əvvəl qeyd etdiyi nüvə razılaşması təklifinin Oman tərəfindən mayın 31-də onlara çatdırıldığını açıqlayıb.