Mədəniyyət və Turizm Nazirliyinin
saytında verilən məlumata görə, hər il olduğu kimi, bu il də Beynəlxalq
Muzeylər Günü ərəfəsində respublika muzeylərində müxtəlif tədbirlərin təşkili
və Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin çağırışına qoşularaq
«Muzeylər Gecəsi» aksiyasında iştirak nəzərdə tutulub.
Mayın 16-da Azərbaycan Milli İncəsənət
Muzeyində Bakı şəhərinin və yaxın rayon muzey və qoruq muzeylərinin, eləcə də
əlaqəli təşkilatların iştirakı ilə təntənəli bayram tədbiri keçiriləcək. İlk
dəfə olaraq «Azərbaycan Muzeyləri» informasiya bülleteninin birinci nömrəsi
təqdim olunacaq. Muzey fondlarında qorunub saxlanılan eksponatların köynək və
şarlar üzərində hazırlanmış reproduksiyaları iştirakçılara paylanacaq.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı
çıxış edəcək. «British Petrolium» neft şirkətinin dəstəyi ilə Azərbaycan Milli
İncəsənət Muzeyi tərəfindən elan edilmiş «Azərbaycan incəsənəti fotoqrafların
gözü ilə» adlı müsabiqənin nəticələrinə görə mükafatların təqdimatı və müsabiqə
iştirakçılarının fotolardan ibarət sərgisi nümayiş olunacaq.
Mayın 17-də Qala Qoruğu Arxeoloji
Etnoqrafik Muzey Kompleksində «Muzeylər Gecəsi» aksiyasında Bakı və digər
region muzeylərinin iştirakı ilə geniş bədii, musiqili, əyləncəli tədbirin
keçirilməsi, qoruğun sahəsi üzrə müxtəlif muzeylərin səyyar sərgilərinin
təqdimatı nəzərdə tutulub. Aksiya çərçivəsində bütün respublika muzeylərində
«Açıq qapı» günü elan ediləcək.
Muzeylərin iş vaxtı gecə saat 01:00-dək uzadılacaq.