Vaxt.Az

Məsələ iki qoç məsələsi deyil


 

Mask Trampın arxasındakı gücü qiymətləndirə bilmədi

Məsələ iki qoç məsələsi deyil Tramp və Mask arasında çox ciddi fikir ayrılıqları və söz müharibəsi sürprizdir? Qətiyyən. Hələ Trampın hakimiyyətinin ilk günlərində Tramp və Mask arasında əvvəl-axır ciddi fikir ayrılığı olacaq yazımın altında “iki qoçun başı bir qazanda qaynamaz” rəyləri yazılmışdı. Lakin, məsələ iki qoç məsələsi deyil.

Bəs bu fikir ayrılığı niyə gözlənilən idi? Əvvəla, İlon Maskın Trampı dəstəkləməsi tam bir kapitalist düşüncəsi və çox ciddi iddialarını həyata keçirmək arzusuna bağlı idi. Əsas məqsədləri hakimiyyətdə yer alaraq öz şirkətlərinin imkanlarını genişləndirmək, istehsal etdiyi məhsullara aldığı subsidiyaların qalması, ləğv olunmaması və ABŞ-nin dövlət qurumlarında öz adamlarını yerləşdirmək, dərin dövlətdə özünə yer etmək idi. Hər iki istiqamətdə ciddi şəkildə yanılacağı aydın idi. Mask kimi yüksək IQ-yə sahib bir insanın bu qədər səhv ssenarilər düşünüb arxasınca gedəcəyi isə çox təəccüblüdür. Niyə?

Birincisi, Tramp birinci hakimiyyəti dövründə də, ikinci hakimiyyətindən öncəki seçkiqabağı kampaniyalarında da birmənalı şəkildə iqlim dəyişikliyinə inanmadığını, ənənəvi enerji tərəfdarı olduğunu, neft-qaz istehsalının artırılmasının vacibliyini, qiymətlərinin isə aşağı salınmasını bəyan edirdi. Bu nə demək idi? Bayden administrasiyası tərəfindən neft-qaz sahəsində istehsala qoyulan məhdudiyyətlərin ləğvi, qiymətləri endirməklə elektromobillərə olan axını zəiflədəcəyi, elektromobillərə verilən subsidiyaların ləğvi ehtimalı yüksək idi. Tramp vəd etdiklərini həyata keçirir. Məhz sonuncu gözlənilən addım, xüsusilə Bayden administrasiyası tərəfindən tətbiq edilən qərarnamənin (2030-cu ilə qədər satılan yeni maşınların 50 faizi elektromobillər olacaq) də ləğvi İlon Maskı qəzəbləndirdi. Lakin, bunlar gözlənilən idi və hesablanmaması təəccüblüdür.

İkincisi, Hökuməti Səmərəliyi Departamenti (“Department of Government Efficiency” – DOGE) adlı (Hökumətin səmərəlilik departamenti) qurumu yaratmaqla ABŞ qurumlarında öz adamlarını yerləşdirib sonrakı dövrlərdə özünə xanədan qurmaq, dövlətə təsiri olacaq ailələrdən biri olmaq istəyinə əlbəttə imkan verməzdilər. Bu plan barədə Mask haqqında maraqlı məlumatları əhatə edən yazımda fikirlərimi əks etdirmişdim. Mask bunu Trampa arxayın olaraq həyata keçirmək istəsə də, Tramp buna yol vermədi. Xüsusilə, keçən həftə (istefaya göndərilməzdən bir neçə gün öncə) Mask NASA-nın başına öz yaxın adamını gətirmək istəsə də, Tramp həmin şəxsin demokratlara maliyyə dəstəyi verdiyini bildirərək razılıq verməmişdi. Maskın nəzərə almadığı önəmli bir məqam bu olmuşdu ki, ABŞ kimi bir dövlətdə Tramp Prezident olsa da, istədiyini etmək imkanında deyil. Sistem çox mürəkkəbdir. Trampın arxasında duran çox ciddi qüvvələr isə hər şeyi görür, Trampdan sui-istifadə hallarına yol verilməsinə isə imkan vermirlər.

Mask niyə məhz indi hücuma keçdi? Yuxarıda qeyd etdiyim 2 səbəbdən başqa digər səbəblər də var. Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı öz vədinə əməl edə bilmədi. Onsuz da bəlli idi ki, əməl edə bilməyəcək. Çünki, bu müharibə onun imkanlarını aşır və daha dərin planların bir hissəsi kimi başladılıb. Digər səbəb öncədən hesablanmayan, proteksionist siyasət kimi qələmə verilsə də, proteksionist siyasətin özünü gözdən salan və əslində ABŞ iqtisadiyyatına da zərər verə biləcək kütləvi tarif tətbiqi (məhz bu riskləri göz önünə alaraq 90 gün təxirə salındı)  Trampın imicinə (əslində zəruri addım olan tarif tətbiqi daha incə, hesablanmış və kütləvi deyil, zəruri istiqamətlər üzrə tətbiq edilsə daha səmərəli olardı) zərər vurdu və ABŞ-nin müttəfiqləri ilə arasını soyutdu. Növbəti səbəb budur ki, öz şəxsi mənfəətlərini həyata keçirə bilməyən, qeyd etdiyim kimi elektromobillərə Bayden administrasiyası tərəfindən tətbiq edilən qərarnamənin (2030-cu ilə qədər satılan yeni maşınların 50 faizi elektromobillər olacaq) də ləğvi, şirkətinə verilən dövlət sifarişlərinin də ləğv ediləcəyi ehtimalının artdığını görən Mask Trampa qarşı olan qüvvələri öz tərəfinə çəkmək, yeni partiya yaratmaqla (80% əhali orta təbəqədir və bu partiyaya üzv olacaq iddiasını səsləndirməsi) Trampa təzyiqlər etməyə çalışır. Hətta Trampı impiçmentinə göndərib yerinə vitse-prezident Vensin təyini mesajını da re-tvit edən Mask çox ciddi risklər aldı. Narazılığını isə vergilərin azaldılmasını əhatə edən yeni qanun layihəsinin qəbul edilməsinin doğru olmaması fikri ilə əsaslandırır. Hər bir halda Tramp belə addımları çətin bağışlayar.

ABŞ iqtisadçıları, siyasətçiləri də gözəl anlayırlar ki, burada Maskı narahat edən məsələ, ABŞ-nin bundan sonra büdcə kəsirinin və borc yükünün (2030-cu ilə qədər borc yükü 9 trilyon dollara qədər artacaq) daha da artacağı deyil, həmin qanun layihəsində onun şirkətləri və məhsulları ilə bağlı subsidiya və güzəştlərin ləğvi, onun istəklərinin nəzərə alınmamasıdır.

Qeyd etdiyim ciddi səbəblər və faktlar olmasaydı bunun bir oyun olduğu ehtimalını irəli sürmək olardı. Lakin, ortada konkret bu qədər səbəb və dataların olması bunun bir oyun olmadığını göstərir. Qeyd etdiyim kimi bu səbəb və dataların heç biri sürpriz deyil. Bunları öncədən görə bilməyən və ya görmək istəməyən Maskın bundan sonra qarşıdurmanı davam etdirməklə qalib gəlmə ehtimalının da yüksək olmadığını düşünürəm. Azdan az, çoxdan çox gedər. Münaqişəni davam etdirsə, ən böyük itirən Maskın özü olar.

Bəs Maskın ən böyük fundamental səhvi nə idi? Dünyada bu qədər nüfuz, marka və brend sahibi olmasına baxmayaraq siyasətə atılması. Bu məsələdə ABŞ-nin digər milyarderləri, dünya ölkələrinin milyarderlərindən dərs almadı. Ən təəccüblüsü də odur ki, əslində alternativ enerji sahəsində olan Mask bu sahəni dəstəkləyən Bayden administrasiyasını deyil, iqlim dəyişikliklərini inkar edən, neft-qaz istehsalını artırıb qiymətlərini aşağı salmağı vəd edən Trampı dəstəklədi. Bunun yalnız bir cavabı var ki, Trampa ciddi təsir imkanlarının olacağını düşünsə də, Trampın arxasındakı gücü qiymətləndirə bilmədi...

 





06.06.2025    çap et  çap et