Yalançı dostlar çox vaxt dost maskası taxır. Onlar musiqini “xalq üçün” deyərək zövqsüz vəziyyətə gətirirlər. Musiqini sadələşdirib oyuncağa çevirirlər, ritmini təhrif edir, ruhunu kəsir, sözlərini boşaldır, səsləri isə plastik bir cilaya bürüyürlər. Onların musiqisi eşidilir, amma dinlənilmir. Çünki orada nə təmizlik var, nə də daxili dərinlik. Orada yalnız səs var – amma səsin arxasında ruh yoxdur.
Bəzən isə bu yalançı dostlar daha ciddi görünür – musiqini nəzəriyyə qutusuna salır, onu yalnız formullarla izah etməyə çalışırlar. Musiqini rəqəmlərlə ölçür, düsturlarla açıqlayırlar. Ancaq unudurlar ki, musiqi, ilk növbədə, ruhun tərcüməsidir. O, ölçülə bilməz, yalnız hiss edilə bilər. Hissin yoxa çıxdığı yerdə, ən mükəmməl sistemlər belə susar.
Texnologiya da musiqiyə dost kimi gəlib düşmən kimi davrananlardan biridir. Səsin imkanlarını genişləndirərkən, insanın ruhunu oyatmayan robot melodiyalar yaradır. Süni intellektlə yazılmış musiqilər – bəli, onlar ahənglidir, ritmlidir, texniki baxımdan qüsursuzdur… amma orada nə bir ağrı var, nə də sevinci doğuran bir nəfəs. Çünki onlar yaşamayıb. Və yaşamayan heç nə, yaşadan ola bilməz.
Musiqinin yalançı dostları ona gözəl sözlər deyir, lakin pis davranırlar. Onlar musiqiyə yaxın görünürlər, amma musiqidən uzaq yaşayarlar. Əslində isə musiqinin dostu olmaq – onun sükutunu belə eşidə bilməkdir. Səsin haradan gəldiyini yox, hara apardığını soruşmaqdır. Musiqini deyil, musiqidəki insanı sevməkdir.
Və bəlkə də, musiqinin ən sadiq dostu – onu dəyişmək üçün deyil, özünü dəyişmək üçün gələn insandır.