Tüstülənmiş qatar depoya göndərildikdən sonra mütəxəssislər tərəfindən yoxlama aparılıb. Məlum olub ki, vaqonlardan birinin mühərrikindən çıxan kabeldə boşluq yaranıb. Bu zaman kabel qızıb və əriməyə başlayıb. Tüstülənmə də bu səbəbdən baş verib.
Mətbuat xidmətinin rəsmisi səhər saatlarında yeni yoxlamadan keçmiş qatarlarda nə üçün nasazlığın olmasına aydınlıq gətirdi:
«Heç bir qatar yoxlamadan keçmədən xəttə buraxılmır. Lakin vaqonların əksəriyyəti köhnədir. Bu hadisələrin baş vermə ehtimalı var. Bu halların qarşısı almağa çalışırıq».
N.Paşayev son vaxtlar qatarlarda nasazlığın tez-tez baş verməsinin də səbəbini açıqladı:
«Qatarlar istismar müddətini tam başa vurmayıb. Lakin başa vurmaq ərəfəsindədir. Yeni qatarların alınması ilə bağlı Fransa şirkəti ilə anlaşma memorandumu imzalanıb. Bir müddət sonra yeni vaqonlar alınacaq. Yeni vaqonlarla yanaşı, avadanlıqlar, idarəetməyə işarə verən rabitə xidmətlərinin alınması ilə bu qüsurların aradan qaldırmağa çalışırıq. Lakin nə qədər qatar alınması barədə dəqiq anlaşma əldə edilməyib».
Qeyd edək ki, bu gün səhər Bakı Metropoliteninin «Koroğlu» stansiyasında 38 saylı marşrut üzrə hərəkət edən qatarın vaqonlarından birində tüstülənmə baş verib. Sərnişinlər təxliyə ediliblər. Tüstülənmənin qarşısı alındıqdan sonra qatar depoya göndərilib. Hadisə nəticəsində bütün xətlərdə qatarların hərəkətində ləngimə olub. Lakin artıq saat 08:39-dan etibarən qatarların hərəkəti bərpa edilib.