Vaxt.Az

Azərbaycanda Gül bayramı qeyd olunur


 

Tədbir 3 gün davam edəcək

Azərbaycanda Gül bayramı qeyd olunur Bu gün Azərbaycanda 10 May Gül bayramıdır. Lent.az-n məlumatına görə, görkəmli siyasi xadim Heydər Əliyevin yubileyi münasibətilə keçirilən bayramda minlərlə gül sərgilənir.Bayram münasibətilə Heydər Əliyev adına Sarayın qarşısında gül sərgisi nümayiş etdirilir. Mayın 10-nu səhər saat 11:00-də prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri də Gül bayramına qatılıb. Ölkə başçısı bayram keçirilən parka gələrək, sərgilənən güllərlə tanış olub.
Saat 13:00-dan sonra isə park vətəndaşların ixtiyarına verilib. Sərgini seyr etmək üçün on minlərlə adam parkı ziyarət edib. Bayram məqsədilə Heydər Əliyev adına Sarayın önündə iki nəhəng hava şarı da quraşdırılıb.
H.Əliyev adına parkda sərgilənən güllər Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 50-yə yaxın ölkədən gətirilib. Dibçək gülləri, kəsilmə güllər və müxtəlif formada bəzədilmiş kompozisiyalardan ibarət gül sərgisində yüzlərlə növ güldən istifadə edilib. Sərgidə Heydər Əliyevin xatirəsinə bəzədilmiş, təxminən 40 kv. metrlik pannoda minlərlə güldən istifadə edilib. Bundan əlavə, parkda uşaqlar üçün güllərdən bəzədilmiş Azərbaycan xalq nağıllarının müxtəlif qəhrəmanları, həmçinin, bir sıra heyvanların kompozisiyaları sərgilənir. Məlumata görə, Qız Qalası, Cırtdan, Tıq-Tıq xanım, dovşan, tülkü, kəpənək, kirpi və kimi heyvanlardan hazırlanmış kompozisiyalar xarici və yerli dizaynerlər tərəfindən hazırlanıb. Sərgidə həmçinin, Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü xatırladan xüsusi kompozisiya da yaradılıb.
Parkdakı stendlərdə isə Heydər Əliyevin fəaliyyətini əks etdirən kadrlar göstərilib. Həmçinin, prezident İlham Əliyevin öncəki illərdə Gül Bayramını ziyarət etdiyi kadrlar da sərgilənən stendlərdə öz əksini tapıb.
İnzibatçıların verdiyi məlumata görə, 3 gün davam edəcək sərgi müddətində quruyan və köhnələn güllər yenisi ilə əvəzlənəcək.
Bayramda iştirak edən vətəndaşlar bildiriblər ki, Gül bayramının keçirilməsi ən çox uşaqları sevindirir. Nağıl qəhrəmanlarını güllərlə bəzədilmiş formada görən balacalar xəyallarında yaşatdıqları qəhrəmanlarla şəkil çəkdirməkdən doymurlar.
Axşam saat 19:00-da isə park ziyarətçilərin üzünə bağlanacaq. Gül bayramı mayın 11- və 12-də də davam edəcək.
Mayın 10-u axşam saat 21:00-da isə Gül bayramı münasibətilə Milli Parkda bayram konserti təşkil ediləcək. Konsertin sonunda isə hər il olduğu kimi bu il də atəşfəşanlıq keçiriləcək.
 





10.05.2013    çap et  çap et