“The Independent” qəzetindəki xəbərə görə, “Brown” Universitetinin doktoranturadan sonrakı tədqiqatçısı Adomas Valantinas mövzu ilə bağlı verdiyi açıqlamada, “Marsda aparılan tədqiqatların əsas məqsədi planetdəki müasir prosesləri anlamaqdır... Araşdırmalarımız bu xüsusiyyətlərə toxundu, lakin su ilə bağlı dəlil tapmadı. Modelimiz quru əmələ gəlmə proseslərinə üstünlük verir”.
“Nature Communications” jurnalında dərc olunan araşdırma Bern Universitetindən Valantinas və Valentin Bikelin birgə tədqiqatıdır.
Bu nəticələrə gəlmək üçün tədqiqatçılar maşın öyrənmə alqoritmindən istifadə edərək tapa bildikləri qədər “sirli” qara xətləri sadaladılar. Bu iş sayəsində NASA-nın “Mars Reconnaissance Orbiter” kosmik aparatı tərəfindən çəkilmiş 86 mindən çox yüksək ayırdetmə qabiliyyətinə malik fotoşəkildən Marsın təxminən 500 min qara işarəsi olan xəritəsi yaradılıb.
Tədqiqatçılar daha sonra hazırladıqları xəritəni havanın temperaturu, küləyin sürəti və qaya sürüşməsi aktivliyi daxil olmaqla digər verilənlər bazası və kataloqları ilə müqayisə etdilər və yüz minlərlə halda hər hansı əlaqəni axtardılar.
Onilliklər boyu görünməyə davam etməyən “təkrarlanan yamac xətləri” (RSL) olaraq da bilinən bu zolaqların ümumiyyətlə su və ya buz mənbəyini göstərən faktorlarla əlaqəli olmadığı anlaşıldı. Araşdırmaya görə, bu nümunələr böyük ehtimalla küləyin sürəti və toz yığılmasının orta səviyyədən yuxarı olduğu ərazilərdə formalaşıb.
***
Bu izlərin əmələ gəlməsinin kökündə quru dövrün dayandığına işarə edən bu araşdırmaya görə, nümunələr Mars ilinin ən isti dövrlərində eyni yerlərdə görünür, daha sonra “müəmmalı” şəkildə yox olur.
Tədqiqatçılar belə qənaətə gəliblər ki, qaya səthləri və krater divarları boyunca köhnə yamac xətləri çox güman ki, seysmik aktivlik, külək və ya hətta meteoroid təsirləri nəticəsində yaranan şok dalğalardan sonra tozun yamaclardan ani yerdəyişməsi nəticəsində əmələ gəlib.