Əsərin mərkəzi fiquru dünya tarixində ən müstəbid hökmdar kimi ad çıxarmış Roma imperatoru Nerondur. Dövrün görkəmli filosofu Senekadan tərbiyə almış Neronun xarakterində əvvəlcə heç bir mənfilik nəzərə çarpmır. Lakin 17 yaşından sonra hakimiyyətə gələndən sonra saray mühiti, hakimiyyət ehtirası onun xarakterinin ən eybəcər cizgilərini üzə çıxarır. Həm şəxsi, həm də ictimai münasibətləri əhatə edən, tarixdə misli görünməmiş amansızlıqla, qəddarlıqla müşayiət olunan repressiyalar başlayır. Zülmün əsas hədəfi isə həmin dövrdə Roma imperiyası hüdudlarında təzə-təzə yayılmağa başlayan xristianlıq əqidəsi və onun ilk daşıyıcıları idi. H. Senkeviçin fikrincə, mövcud həyat normalarının mənəviyyatsızlıq həddinə gəlib çatması yeni ideologiyanın meydana çıxmasını zəruri edir.
İsa peyğəmbərin sevimli şagirdi apostol Pyotr ustadın ölümündən sonra üzərinə qoyulmuş missiyanı yerinə yetirərək Romada yeni dinin təbliği ilə məşğul olur. Başı çox müsibətlər çəkən Pyotr bir gecə tutulacağını bilərək adi insan hisslərinin hökmünə tabe olur və şəhərdən qaçmaq qərarına gəlir. Təqibçilərin əlindən çətinliklə qurtulub şəhərdən çıxan Pyotr gecə qaranlığında bir qədər yol getdikdən sonra çöllükdə İsa peyğəmbərlə qarşılaşır. Peyğəmbər Pyotra məhəl qoymadan onun yanından keçib yoluna davam edir. Tanrı elçisinin yenidən zühur etdiyindən heyrətlənən Pyotr-Quo vadis? (yolun hayanadır?)-deyə soruşduqda İsa peyğəmbər onu məzəmmətlə süzərək, “Yenidən çarmıxa çəkilmək üçün Romaya gedirəm!” – cavabını verir. Bundan sonra İsa qeyb olur, Pyotr isə peyğəmbərin cavabındakı eyhamın mənasını anlayaraq, əzablı ölümlə üzləşəcəyini bilə-bilə Romaya qayıdır.
Əsərin bütün dövrlər və xalqlar üçün son dərəcə aktual sələnən başlıca ideyası da məhz bu epizoda əsaslanır, ideya daşıyıcısı olan insan öz missiyasından qaça bilməz, kütləni hansı ideya uğrunda mübarizəyə səsləyən şəxs dar ayaqda onu başsız qoyub geri çəkilə bilməz! İdeyaların uğrunda ən əvvəl özün sonacan getməyi və ölməyi bacarmalısan! Romanda iki dünyanın-mənəvi cılızlığın rəmzi olan büdpərəst Roma ilə Ruhani əzəmətin rəmzi kimi götürülən “xristianlığın qarşıdırması” simvolunda əbədi Xeyir və Şər mübarizəsi əks olunub. İnsanlar ilk xristianların əqidə, amal yolunda candan keçməyə hazır olduqlarını görəndən sonra onlara inandılar.
Senkeviç tarixə müraciət etməklə xalqının milli mənlik şüurunu, milli qürur hissini yüksəldir. Bu mənada onun tarixi romanları məzmunca nə qədər milli olsa da, ideyaca bir o qədər bəşəridir. Onun yaradıcılığı bir daha sübut edir ki, böyük mənada milli olmayan sənət heç zaman böyük mənada bəşəri ola bilməz.
Yazıçı ən ağır həyat şəraitində, ən dözülməz psixoloji məqamda da insana, onun həyat eşqinə mənəvi gücünə inanır və oxucusuna bunu təlqin edir. Eyni zamanda həyatın və insan xarakterinin qaranlıq cəhətləri və bunlara qarşı nifrət oyatmağı bacarır.