Çin Ticarət Nazirliyi tərəfindən edilən açıqlamada, nadir torpaq elementlərinin həm hərbi, həm də mülki istifadə üçün xüsusiyyətlərə malik olduğu, Çinin milli təhlükəsizliyini və maraqlarını qorumaq, habelə beynəlxalq yayılmanın qarşısının alınması ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün bu maddələrə ixrac nəzarəti tətbiq etdiyi bildirilib.
Açıqlamada, son illərdə robotlar və elektrikli avtomobillər kimi bəzi sənaye sahələrinin inkişafı ilə mülki sektorda orta və ağır nadir torpaq elementlərinə tələbatın artdığı bildirilmiş və Çinin məsuliyyətli bir ölkə olaraq müxtəlif ölkələrin bu sahədəki ağlabatan ehtiyac və narahatlıqlarını anladığı və ixrac lisenziyalarını buna uyğun nəzərdən keçirdiyi bildirilib.
Açıqlamada bəzi ixrac lisenziyalarının təsdiq edildiyi, şərtlərə cavab verən digər lisenziya müraciətlərinin təsdiqinin davam edəcəyi, Çinin ixrac nəzarətləri ilə bağlı əlaqədar ölkələrlə əlaqə və dialoqu gücləndirəcəyi ifadə edilib.
***
İxrac nəzarəti ilə bağlı bəyanatın iyunun 5-də ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə telefon danışığından sonra gəlməsi diqqət çəkib.
Vaşinqton administrasiyası, tarif danışıqlarında əldə olunan razılaşmaya baxmayaraq, Pekinin nadir torpaq elementlərinin ixracına tətbiq etdiyi nəzarəti ləğv etməməsi səbəbindən danışıqların dayandırıldığını iddia edib.
Çin, ABŞ-ın texnologiya sahəsində, xüsusən də çip sektorunda tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq, qlobal tədarükün böyük bir hissəsini qarşıladığı nadir torpaq elementlərinə məhdudiyyətlər və nəzarətlər tətbiq etmişdi.
Çin, 2024-cü ilin dekabrında Bayden administrasiyasının çip sektorunda tətbiq etdiyi ixrac məhdudiyyətlərinə qalium, germanium və sürmənin ixracını məhdudlaşdırmaqla cavab verdi və fevral ayında Tramp administrasiyasının ilk tarif artımına cavab olaraq volfram, tellur, vismut, molibden və indium ixracına nəzarət tətbiq etdi.
Pekin administrasiyası həmçinin ABŞ-ın “qarşılıqlı tarifləri” çərçivəsində tarif artımına qarşı samarium, gadolinium, terbium, disprosium, lutesium, skandium, ittrium və onların ərintilərini 7 kateqoriya üzrə ixrac nəzarət siyahısına əlavə edib.
Nadir torpaq elementlərinin 17 qrupundan təxminən 90 faizini istehsal edən Çin, bu sahədə qlobal hökmranlığını ixrac məhdudiyyətləri və nəzarətləri ilə iqtisadi kozıra çevirmək niyyətində olduğunu nümayiş etdirdi.