Tiesler deyib ki, Avropanın ən böyük iqtisadiyyatı münaqişə reallığına oyanmalıdır və Almaniya hazırda kifayət qədər hazırlıqlı deyil.
“Süddeutsche Zeitung” nəşrinə danışan Tisler, “Uzun müddət Almaniyada müharibəyə hazırlaşmağa ehtiyac duyulmayan geniş bir fikir var idi. Bu dəyişdi. Biz Avropada böyük işğalçı müharibə riskindən narahatıq”, – deyib.
Tisler tunellər, metro stansiyaları, yeraltı qarajlar, avtomobil dayanacaqları və ictimai binaların zirzəmilərinin 1 milyon insanın yerləşəcəyi sığınacaqlara çevrilməsinə çağırıb. O, bunun üçün yayın sonuna qədər geniş plan təqdim edəcəyini söyləyib.
Federal rəsmi ölkənin zamanla yarışda olduğunu və yeni sığınacaqlara güvənməyin yetərli olmadığını əlavə edib.
***
Rusiyanın Ukraynaya müdaxiləsi xüsusilə Baltikyanı ölkələrdə qorxuya səbəb olub, Polşa və Almaniyada da narahatlıqlar artıb.
“The Guardian” qəzetinin məlumatına görə, Almaniyada soyuq müharibədən qalma təxminən 2000 sığınacaq var onlardan yalnız 580-ə yaxını işləyir və əksəriyyətinin də təmiri üçün milyonlarla avroya ehtiyacı var.
Bu sığınacaqlar yalnız Almaniya əhalisinin yarısını qəbul edə bilər. Müqayisə üçün, BBK Finlandiyada 50 min sığınacaq olduğunu və bunların 4,8 milyon insan və ya əhalinin 85 faizi üçün kifayət qədər yer olduğunu bildirib.
***
Tisler bildirib ki, sığınacaq yerlərini ictimaiyyətlə bölüşmək və xəbərdarlıq sirenlərini təkmilləşdirmək üçün proqramlar və yol nişanları kimi məlumat sistemlərinin dəqiq tənzimlənməsi üçün də səylər göstərilməlidir. Onun sözlərinə görə, mövcud xəbərdarlıq proqramları da hakerlərdən daha yaxşı qorunmalıdır. O, Baş nazir Fridrix Merz hökumətini agentliyinin planlarını həyata keçirmək üçün maliyyə ayırmağa çağırıb.
Hökumət planların zəruri olduğunu etiraf edib, lakin hələ də rəsmi olaraq vəsait ayırmayıb.
Parlamentin mart ayında Almaniyanın borc əyləcini dayandırmasından sonra buraxılan milyardlarla dolların tankların və ləvazimatların daşınması üçün körpülər və yollar, habelə mülki müdafiə kimi həyati vacib infrastruktura böyük məbləğdə xərclərə imkan verəcəyi gözlənilir.