Vaxt.Az

Hamiləlik əleyhinə dərmanların təsirini azaldır


 

Arıqlama həbləri istifadə edən qadınlar üçün xəbərdarlıq

Hamiləlik əleyhinə dərmanların təsirini azaldır İngiltərədə onlarla qadın arıqlayan həblərdən istifadə edərək hamilə qalıb. Bu hadisəyə Hollandiyada da rast gəlinib. Mütəxəssislər əlavə kontraseptiv üsulları tövsiyə edirlər.

Böyük Britaniyanın Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) “Ozempic”, “Wegovy” və “Mounjaro” kimi arıqlama həblərindən istifadə edən qadınlara xəbərdarlıq edib. Bu dərmanların hamiləlik əleyhinə kontraseptiv həblərin təsirini azalda və gözlənilməz hamiləliklərə səbəb ola biləcəyi açıqlanıb. İngiltərədə indiyədək bu dərmanlardan istifadə edən 40 qadının hamilə qaldığı bildirilir.

Dərmanlar əvvəlcə tip 2 diabetin müalicəsi üçün hazırlanıb. Lakin onların tərkibində olan semaqlutid və tirzepatid kimi maddələr iştahanı azaldaraq arıqlamağa kömək edir. Bu səbəbdən son illərdə arıqlamaq üçün onlardan geniş istifadə olunur.

MHRA xüsusilə “Mounjaro” həbinə diqqət çəkib. Bildirilir ki, bu dərman hamiləlik əleyhinə olan oral kontraseptiv həblərin orqanizm tərəfindən sorulmasını ləngidə və təsirini azalda bilər. Bu məlumat dərmanın istifadəçi təlimatına da daxil edilib.

İngiltərədəki mütəxəssislər “Mounjaro” istifadə edən qadınlar üçün əlavə kontraseptiv üsulları tövsiyə edirlər. Məsələn, onlara kontraseptiv həbdən əlavə başqa üsuldan istifadə etmək məsləhət görülür.

***

Hollandiyada yan təsirlərin monitorinqi mərkəzi Lareb “Mounjaro” və ya “Saxenda” həbləri ilə bağlı heç bir hamiləlik bildirişi almayıb. Bununla belə, “Ozempic” və “Wegovy” istifadə edən 4 qadının hamilə qaldığı bildirilib. Bu qadınlardan ikisi arıqlamaq üçün dərmandan istifadə edib.

Larebin sözlərinə görə, bəzi hallarda doğum nəzarətindən istifadə olunsa da, səhvlər baş verib. Bir halda qorunma unudulub, digərində isə doğum nəzarətinin istifadə edilib-edilmədiyi məlum deyil. Qurum bu məlumatların hələ kifayət olmadığını və rəsmi xəbərdarlıq etməyin tez olduğunu bildirir.

***

Mütəxəssislər bu dərmanların birbaşa hamiləliyə səbəb olmadığını, ancaq orqanizmdə hormon balansına təsir edərək yumurtlamaya səbəb ola biləcəyini söyləyirlər. Amerikalı məhsuldarlıq mütəxəssisi İlana Ressler sürətli kilo itkisinin hormonları tənzimlədiyini və yumurtlamanı yenidən başlatdığını bildirib. Media artıq bu vəziyyət üçün “Ozempik körpələr” ifadəsini işlətməyə başlayıb.

“Dərman möcüzə yaratmır, lakin hormonlar çəki itirməklə balanslaşdırılır və hamiləlik şansı artır”, – Ressler deyib. Mütəxəssislər bu dərmanlardan istifadə edərkən hamiləlikdən qaçınılmalı və əlavə kontraseptiv üsullarla mütləq tədbir görülməli olduğunu vurğulayırlar.

Hollandiyalı endokrinoloq Rocer Adan (UMC Utrecht) bu dərmanların doğuma nəzarət üsullarına təsirinin hələ aydın olmadığını və daha çox araşdırmaya ehtiyac olduğunu bildirib.

 





08.06.2025    çap et  çap et