Partiya üzvləri tərəfindən ağır yaralı halda klinikaya çatdırılan Uribenin bədəninə 6 güllənin dəydiyi bildirilib.
***
Kolumbiya mətbuatı Uribeyə atəş açdığı iddia edilən 15 yaşlı oğlanın yaralı olaraq nəzarətə alındığını və klinikada müalicə olunduğunu yazıb.
Kolumbiya hökuməti açıqlamasında “Migel Uribe Turbaya edilən hücumu şiddətlə və açıq şəkildə qınayırıq. Bu, yalnız bir senatorun şəxsini deyil, həm də demokratiya və ifadə azadlığını hədəf alan bir hərəkətdir. Biz hər cür zorakılığı rədd edirik”, – deyib.
***
Prezident Qustavo Petro da sosial media hesabından verdiyi açıqlamada Uribeyə edilən hücumu pisləyib və “Həyata hörmət edin, bu qırmızı xətdir. Kolumbiya öz uşaqlarını öldürməməlidir. Çünki onlar da bizim uşaqlarımızdır”, – deyib.
Müdafiə naziri Pedro Sançes Suares də Uribeyə sui-qəsd cəhdinin məsuliyyətini daşıyanların tutulmasına kömək edəcək şəxslərə 700 min dollar mükafat veriləcəyini açıqlayıb.
Hökumət, Uribe hücumundan sonra Fövqəladə Müdaxilə Planının (Plan de Choque) işə salındığını açıqlayıb.
Milli Mühafizə Bölməsi (UNP) və Daxili İşlər Nazirliyi ilə görüşən yüksək vəzifəli məmurların prezidentliyə namizədlərin təhlükəsizliyini maksimum dərəcədə artırmaq üçün mühüm qərarlar qəbul edəcəyi gözlənilir.
***
Uribenin anası Diana Turbay jurnalist olub. Turbay da 1990-cı ildə kolumbiyalı narkobaron Pablo Eskobarın komandanlığı altında silahlı qrup tərəfindən qaçırılıb və xilasetmə əməliyyatı zamanı dünyasını dəyişib.