Vaxt.Az

“Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur”


 

Ermənistan Fransadan, yoxsa Hindistandan hərbi təyyarə alacaq?

“Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur” ABŞ-ın dünyaca məşhur “Forbes” jurnalında “How Armenia Might Respond To Azerbaijan’s “JF-17 Fighter” Acquisition” (Ermənistan Azərbaycanın “JF-17” qırıcısını almasına necə cavab verə bilər) adlı irihəcmli məqalə təqdim edib.

Müəllif Paul Iddon yazır ki, Pakistan hökuməti cümə günü sosial media platforması “X”də təsdiqlədi ki, Azərbaycan 4,6 milyard dollarlıq müdafiə sazişi çərçivəsində “JF-17” qırıcılarının sifarişini 16-dan 40-a qaldırıb. “JF-17C Block III” qırıcısının 4.5-ci nəsil olmasını qabardan yazar bildirir ki, bununlada Azərbaycan qırıcıların sayı baxımından Ermənistanı 10 dəfə geridə qoymuş oldu. Azərbaycanın xeyli köhnəlsə də keyfiyyətli təmirdən çıxmış “MiQ-29” qırıcı donanmasını, İsrail və Türkiyə istehsalı olan qabaqcıl dronlarını nəzərə almasaq belə 40 ədəd “JF-17C Block III” qırıcısı rəsmi Bakıya ciddi üstünlüklər verir. Təbii ki, Ermənistan Pakistanla Azərbaycan arasında baş tutmuş bu alış-verişdən xeyli narahatdır. Ancaq varlı Azərbaycanla silahlanmada rəqabət aparmaq məhdud imkanlı Ermənistan üçün xeyli çətindir.

Tərəflər arasında müharibə ehtimalının aşağı olduğunu yazan müəllif bildirir ki, Zəngəzur dəhlizinə görə müəyyən münaqişələrin olması da istisna edilə bilməz.

Ermənistan vəziyyətdən çıxmaq məqsədi ilə “Dassault Rafale” qırıcıları üçün Fransaya müraciət edib-etməyəcəyi bəlli deyil. “Forbes” belə yazır: “Yerevan çox güman ki, bir neçə istiqamətdə səy göstərsə də, Fransanın “Rafales”lərindən daha sərfəli olduğunu nəzərə alsaq, Hindistanda istehsal olunan Su-30MKI-lərin alınmasına üstünlük verəcək...Hindistan və Pakistan arasında keçən ay baş verən qarşıdurma ilə bağlı hələ də çox şey aydın olmasa da, Hindistanın “Rafale” donanmasının o qədər də güclü performans göstərməməsi ilə bağlı ittihamlar Ermənistanın qırıcı alışı ilə bağlı hesablamalarına müəyyən təsir edə bilər”.

Məqalədə deyilir ki, Hindistan lisenziya əsasında Rusiya döyüş təyyarəsi olan “Su-30MKI” variantını hazırlayır. Hindistan tezliklə bu təyyarələrin bir hissəsini ixrac edə bilər və şübhəsiz ki, Ermənistanı potensial müştəri kimi görür. İrəvan artıq bu onilliyin əvvəlindən Hindistan istehsalı olan silahlar üçün rekord qıran müqavilələr bağlayıb. Bundan əlavə, Yeni Dehli Ermənistanın mövcud “Su-30SM”lərini təkmilləşdirmək və onları Hindistan istehsalı olan müxtəlif sursat və silahlarla uyğunlaşdırmaq üçün ideal namizəddir.

Hindistan, çox güman ki, Azərbaycanın Hindistanın əzəli rəqibi olan Pakistandan qırıcılar almasını neytrallaşdırmaq üçün Ermənistanı öz qırıcıları ilə təchiz etməkdə maraqlı olacaq.

Azərbaycanla havada rəqabət aparmaq üçün yeni qırıcılar əldə etməklə yanaşı, Ermənistan çox güman ki, öz hava hücumundan müdafiə sistemlərini Hindistan, İran və ya digər ölkənin müvafiq sistemlərlə təkmilləşdirməyə çalışacaq.

 





08.06.2025    çap et  çap et