Meklenburq-Ön Pommern əyalətinin Şverin şəhərindəki Keplerştrasse tramvay dayanacağında baş verən xaotik mənzərəyə polis çağırılıb. Hadisə yerinə gələn qruplar iki yaralı kişini yerdə tapıblar. Ərazidə 150-yə yaxın insan bir-birini təpik və yumruqlayırdı. Onların arasında uşaqlar da olub.
İlkin ehtimala görə, hadisəyə bir neçə gün əvvəl oyun meydançasında uşaqlar arasında yaranan mübahisə səbəb olub. Bu, küçədə ailələr arasında şiddətli toqquşmaya çevrilib. Polis sözçüsünün sözlərinə görə, döyüşdə iştirak edən şəxslərin Suriya vətəndaşları olduğu müəyyən edilib.
***
Polis təhlükəsizlik səbəbiylə hadisənin baş verdiyi Hamburq Allesini tamamilə nəqliyyatın hərəkətinə bağlayıb. Toqquşma nəticəsində yüngül xəsarət alan iki kişi və bir uşaq xəstəxanaya aparılıb. Yaralıların bədənlərində müxtəlif qançırların olduğu bildirilir.
Hadisədən sonra polis “landfriedensbruch” (ictimai qaydanı pozma) cinayəti ilə bağlı araşdırmalara başlayıb. Hadisə şahidlərinin ifadələri alınıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Səlahiyyətlilər ailələr arasında gərginliyin niyə bu qədər artdığını araşdırmağa davam edir.