Çinin “Sinxua” agentliyinin məlumatına görə, Çin baş nazirinin iqtisadi məsələlər üzrə müavini Hı Lifınq Çin-ABŞ iqtisadi və ticarət məsləhətləşmə mexanizminin iclası üçün Londonda ABŞ rəsmiləri ilə görüşüb.
Hər iki tərəfin verdiyi açıqlamalarda danışıqlarda ABŞ tərəfini Maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qrir, Çin tərəfini isə baş nazirin müavini Hı təmsil edəcəyi açıqlanıb.
Bildirilib ki, Böyük Britaniya danışıqlara ev sahibliyi etsə də, heç bir şəkildə iştirak etməyəcək. London hökuməti açıqlamasında “Biz azad ticarəti müdafiə edən bir millətik və həmişə ticarət müharibəsinin heç kimin xeyrinə olmadığını demişik, ona görə də danışıqları alqışlayırıq”, – deyib. Böyük Britaniyanın Maliyyə Nazirliyinin rəsmisi Reychl Rives görüşdən əvvəl Bessent və Hı ilə görüşüb.