“Saab” tərəfindən istehsal edilən “Gripen” E/F modelləri 1980-ci illərdə Tailand Kral Hərbi Hava Qüvvələri tərəfindən alınmış köhnə “F-16” A/B reaktiv təyyarələrini əvəz edəcək. Bu elan Taylandın hava gücünün yenilənməsi çərçivəsində 12 döyüş təyyarəsi almaq üçün 10 illik planın birinci mərhələsi hesab olunur.
“Bu, suverenliyimizi qorumaq və gücümüzü artırmaq üçün əhəmiyyətli bir layihədir”, – Hərbi Hava Qüvvələrinin rəisi Punpakdi Pattanakul jurnalistlərə deyib.
***
Satınalma sifarişinin iyulun ortalarında təsdiq üçün Tayland Nazirlər Kabinetinə təqdim ediləcəyi və avqustun sonunda tamamlanacağı gözlənilir.
Keçən avqust ayında satınalma komitəsi 10 aylıq qiymətləndirmə prosesindən sonra “F-16” əvəzinə “Gripen”in alınmasını tövsiyə etdi. Krallığın hazırda 11 köhnə “Gripen” və onlarla “F-16” təyyarəsi var.
***
“Gripen” platforması ilk dəfə 1990-cı illərdə təqdim edilmiş və “Gripen” A/B, C/D və indiki “Gripen” E/F nəsli də daxil olmaqla bir neçə versiyada hazırlanıb. “Gripen” E ilk dəfə 2017-ci ildə havaya qalxıb və əvvəlki versiyalara nisbətən əhəmiyyətli təkmilləşdirilib. Bunlara artan daxili yanacaq tutumu, daha güclü “General Electric F414G” mühərriki və daha sürətli yeniləmələrə və proqram təminatı dəyişikliklərinə imkan verən modul avionika sistemi daxildir. O, həmçinin inkişaf etmiş sağ qalma sistemləri və şəbəkə mərkəzli döyüş imkanları təklif edir.
“Gripen” E, “Raven ES-05 AESA” radarı və həm özünümüdafiə, həm də elektron hücum rolları üçün nəzərdə tutulmuş daxili elektron müharibə dəsti ilə təchiz edilib. O, “Meteor” və “IRIS-T” hava-hava raketləri və “GBU-49” və “Taurus KEPD 350” qanadlı raketləri kimi hava-yer döyüş sursatları da daxil olmaqla geniş çeşiddə silahları dəstəkləyir. Təyyarə həm də kəşfiyyat missiyaları və döyüş sahəsində məlumatların birləşməsinə qadirdir.