“Brent” nefti 67,16 dollara, ABŞ xam nefti isə 13 sent artaraq 65,42 dollara yüksəlib. Dünən “Brent” markalı neft 67,19 dollar olub, aprelin 28-dən bəri ən yüksək göstəricidir. Bahalaşmada ABŞ-Çin arasında mümkün ticarət razılaşması gözləntilərinin rolu olub.
ABŞ-Çin ticarət danışıqları yüksək səviyyəli rəsmilərin gərginliyi azaltmağı hədəflədiyi Londonda ikinci gün davam edəcək. ABŞ prezidenti Donald Tramp bazar ertəsi danışıqların yaxşı getdiyini və Londondakı komandasından “yaxşı hesabatlardan başqa heç nə” almadığını söylədi. ABŞ və Çin arasında ticarət razılaşması qlobal iqtisadi mənzərəni gücləndirə və bir çox mallara, o cümlədən neftə tələbi artıra bilər.
Digər tərəfdən, İran da ABŞ-ın “qəbuledilməz” nüvə sazişi təklifinə cavab olaraq tezliklə əks təklif təqdim edəcəyini də bəyan edib. Tramp isə İranın öz torpağında uranı zənginləşdirməyə davam edib-etməməsi məsələsində iki tərəfin hələ də fikir ayrılığının olduğunu açıqlayıb.
İran Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvləri arasında üçüncü ən böyük istehsalçıdır. ABŞ İrana qarşı sanksiyaları yumşaltsa, İran daha çox neft ixrac edə bilər ki, bu da qlobal xam neft qiymətlərinə təzyiq göstərə bilər.