Vaxt.Az

Qazaxıstanda kriptokart dövrü başlayır


 

Alış-veriş və restoranda hesab ödəmək virtual pulla ilə reallaşacaq

Qazaxıstanda kriptokart dövrü başlayır Qazaxıstan Mərkəzi Bankı rəqəmsal maliyyə sahəsində önəmli yenilik edib — kriptokart layihəsinə start verilib. Artıq vətəndaşlar kriptovalyutalarını real vaxtda real pula çevirərək mağazalarda, restoranlarda, kafe və digər pərakəndə ticarət məkanlarında adi bank kartı kimi istifadə edə biləcəklər.

Layihəyə ilkin mərhələdə bir neçə bank qoşulub. Kartlar Qazaxıstanda rəsmi lisenziya almış kriptobirjalarla birbaşa inteqrasiya olunub.

Tranzaksiya necə işləyir?

– İstifadəçi lisenziyalaşdırılmış platformalarda (BitGet, Binance, ByBit, Coinbase və s. ) kriptovalyuta saxlayır;

– Ödəniş anında bu aktiv dərhal bazarda satılır;

– Ekvivalent məbləğ karta yüklənir və ödəniş milli valyuta ilə baş tutur;

– Proses tam avtomatik və real vaxtda baş verir

Bu layihə hazırda pilot rejimdə həyata keçirilir – yəni məhdud istifadəçi qrupu və seçilmiş banklarla test edilir. Mərkəzi Bankın məlumatında konkret şəhər göstərilməsə də, kriptovalyutanın daha geniş tətbiqi üçün Prezidentin təşəbbüsü ilə ayrıca bir “kriptopilot şəhər” – “CryptoCity” layihəsi də hazırlanır. Onun Alatau şəhərində qurulması planlaşdırılır. Burada kripto ilə əmlak alışı, restoran ödənişləri və digər xidmətlər geniş şəkildə sınaqdan keçiriləcək.

Kriptovalyutanın ilk dəfə gündəlik həyatın bir hissəsinə çevrilməsi əhəmiyyətli hadisədir. Bununla da  rəqəmsal aktivlər real iqtisadi dövriyyəyə daxil olur. Bank sektoru ilə blokçeyn texnologiyası arasında birbaşa əlaqə qurulmuş olur.

Yəni ənənəvi ödənişlə kripto ödəniş arasında bağlantı yaranır və bununla da rəqəmsal aktivlər geniş kütlə üçün əlçatan olur.

Qazaxıstanda 2020-ci ildən "Rəqəmsal aktivlər haqqında" qanun qəbul edilib.

Bu qanun kriptovalyutaların hüquqi statusunu, onların mübadiləsini, saxlanmasını və mayninq fəaliyyətini tənzimləyir.

Bir neçə il öncədən bu ölkədə kriptovalyutaların alqı-satqısına icazə verilib.

Özbəkistan da paralel olaraq bu istiqamətdə irəliləyir – 2018-ci ildən etibarən qəbul etdiyi normativ aktlarla kriptovalyutaların dövriyyəsi, blokçeyn texnologiyası və mayninq fəaliyyəti üçün hüquqi baza - əlverişli mühit formalaşdırıb.

“BitGet” qısa zamanda bu ölkədə ən populyar kripto platformaya çevrilib.

Azərbaycan Mərkəzi Bankı da cari ildə pilot qaydada (Sandbox rejimində) kripto layihələrə start verib. İşçi qrup formalaşdırılıb.  Eyni anda dörd layihə fəaliyyətə başlayıb. Rəqəmsal manatla bağlı müzakirələr aparılır.

Lakin hələlik hüquqi bazanın yaradılması, kriptovalyutaların bank və ödəniş sektoruna real inteqrasiyası üzrə konkret addımlar müşahidə olunmur.

Düşünürəm ki, ölkəmizdə bu sektorun inkişafı innovasiyaların təşviqi, regionda rəqəmsal biznesdə rəqabətə davamlılıq, yeni iş yerlərinin açılması və ixtisaslı mütəxəssislərin yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Hökumətin bu  istiqamətdə səylərini gücləndirilməsi vacibdir.

 





10.06.2025    çap et  çap et