Müsahibəsində “Öz şəxsi mənafeyini ölkənin mənafeyindən üstün tutur”, – deyən Yaşılgöz, Vildersin bacarmayan və istəməyən biri olduğunun əvvəldən bəlli olduğunu bildirib: “O, heç vaxt ölkə üçün məsuliyyət daşımayacaq. Bu, heç bir yerə aparmayacaq”.
Son bir həftə ərzində bir çox VVD üzvü ilə məsləhətləşdikdən sonra qərarını verdiyini deyən Yaşılgöz, “Heç kim Vildersə yeni şans verilməli olduğunu demədi”, – deyib. VVD-nin qərarı PVV-nin potensial koalisiya hökumətində olmaq şansını əhəmiyyətli dərəcədə azaldıb.
İkinci şans
Duruşu ilə bağlı Vilderslə heç bir fikir ayrılığının olmadığını bildirən Yaşılgöz, “Vildersə ikinci şans verdim”, – deyərək birinci Rutte hökumətində də masadan ayrıldığını xatırladıb.
Son seçki nəticələrinin seçicilərin sağçı bir hökumət istədiklərini göstərdiyini deyən Yaşılgöz, “Daha əvvəl razılaşa bilmədiyimiz məsələlərdə bu dəfə razılaşmaq imkanımız oldu”, – deyib.
VVD-nin Yaşıl Sol İşçi Partiyası (GL-PvdA) ilə koalisiya qurmasının indi qaçılmaz olub-olmadığı sualına Yaşılgöz dəqiq cavab verməyib. O, “Başqa variantlar da var”, – deyib və bu partiyanı əvvəldən kənarlaşdırmaq demokratiyanı sarsıdacaq.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumuna toxunan Yaşılgöz, “GL-PvdA ilə ciddi fikir ayrılıqlarımız var, lakin mən bunu məzmuna görə müzakirə edirəm”, – deyib və “Yaşıl solda” “radikal qanad” olduğunu bildirib.
Vilders qəzəblidir
Vilders isə VVD-nin qərarına “X”-dəki paylaşımı ilə reaksiya verib. “Yaşılgöz beləliklə GL-PvdA-nı seçdi”, – deyən Vilders, Yaşılgözün “ölkəni solla birlikdə dağıtmaq istədiyini”, – iddia edib.
***
Keçən həftə Vilders qaçqınlarla bağlı şərtlərinin koalisiyadakı VVD, NSC və BBB partiyaları tərəfindən dəstəklənməməsi səbəbindən partiyasının prosesdə iştirak etməyəcəyini açıqlamışdı. Hər üç tərəf bu iddianı rədd edib.
Vildersin açıqlamalarından sonra PVV-yə yaxın şəxslər vəzifələrindən istefa veriblər. Digər üç partiya isə nazir postlarını öz üzərinə götürüb. Hökumətin dağılmasından sonra Seçki Şurası oktyabrın 29-da yeni seçkilərin keçiriləcəyini açıqlayıb.