Tərəflər arasında uranın zənginləşdirilməsi hüququ ilə bağlı fikir ayrılığı davam edir. Tramp, "Onlar əllərində olanlardan imtina etmək istəmirlər. Onlar uranı zənginləşdirmək hüququ istəyirlər. Biz zənginləşdirməyə icazə verə bilmərik", – deyib.
***
Bu arada İsrail danışıqların nəticəsiz qalacağı təqdirdə İrana hücum etməyə hazırlaşır. Bundan əlavə, İran mümkün cavab tədbirləri qarşısında müdafiəsini gücləndirir. İsrail daha əvvəl ABŞ və İran arasında nüvə danışıqları uğursuz olarsa, İranın nüvə obyektlərinə genişmiqyaslı hücuma keçəcəyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın may ayının sonunda təqdim etdiyi təklifə alternativ təklif hazırladıqlarını və bu təklifin “məntiqli, balanslı və ağlabatan” olacağını bildirib.
O, həmçinin qeyd edib ki, danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı heç bir aydınlıq yoxdur.
Tramp danışıqların cümə axşamı davam etdiriləcəyini bildirib. Lakin İran və ABŞ-ın yüksək səviyyəli rəsmiləri bu tarixin mümkün görünmədiyini bildiriblər.
Bekayi nazirliyin “Telegram” kanalında danışıqların bazar günü Omanın paytaxtı Maskatda keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
ABŞ rəsmisi bildirib ki, danışıqlar iyunun 13-ü və ya 15-də baş tuta bilər və məkan Maskat və ya Oslo ola bilər.
İran tərəfi vurğulayıb ki, sanksiyalar aradan qalxana qədər ticarət və bank əlaqələrinin normallaşacağına dair təminat verilməlidir.