ABŞ prezidenti Donald Tramp Ağ Evdə “Uber”, “Goldman Sachs” və “Dell Technologies” kimi nəhəng şirkətlərin rəhbərlərinin də iştirak etdiyi toplantıda yeni nəsil üçün hazırlanan investisiya hesabı planının təfərrüatlarını paylaşıb.
Plana görə, federal hökumət 31 dekabr 2024-cü il və 1 yanvar 2029-cu il tarixləri arasında doğulan hər bir uşaq üçün açılacaq hesablara birdəfəlik 1000 dollar ilkin töhfə verəcək.
Bu hesablar valideynlər tərəfindən idarə olunacaq və ildə 5000 ABŞ dollarına qədər şəxsi əlavələrlə dəstəklənə bilər. Tramp bu təşəbbüsü milyonlarla ailəyə iqtisadiyyatın artımından faydalanaraq uşaqları üçün daha yaxşı gələcək qurmağa imkan verəcək ailə dostu layihə kimi qiymətləndirib.
***
“Goldman Sachs”ın baş direktoru David Solomon, “Uber”in CEO-su Dara Xosrovşahi, “Dell Technologies”in rəhbəri Mikael Dell və “Robinhood”un baş direktoru Vladimir Tenev kimi adların iştirak etdiyi yığıncaqda işçilərin uşaqlarına dəstək üçün milyardlarla dollarlıq ianə öhdəlikləri yer alıb. Tramp bu liderləri ölkənin ən böyük iş adamları adlandırıb.
Nümayəndələr Palatasının spikeri Mayk Conson da proqramı dəstəkləyərək, "Bu siyasət uşaqlara doğulduğu andan maddi üstünlük verəcək. Bu, həyata, ailələrə və bərabər imkanlara dəstək mövqeyimizin nümayişidir", – deyib.
İnvestisiya hesabları Trampın böyük gözəl qanun kimi təsvir etdiyi hərtərəfli islahat paketinin bir hissəsidir. Bununla belə, qanun layihəsi Senatdakı Respublikaçılar qanadının daha ehtiyatlı yanaşması ilə üzləşir. Hesablar yalnız bu qanun layihəsi qəbul edildikdə həyata keçirilə bilər.