Vaxt.Az

“Qan gölü yaratmağa çalışır”


 

Almaniya kansleri Merz Rusiyanı mülki insanlara qarşı terrorda ittiham edib

“Qan gölü yaratmağa çalışır” Almaniya kansleri Fridrix Merz bu gün verdiyi açıqlamada Rusiyanın Ukraynada dinc sakinlərə hücumlarını “terrorizm” adlandırıb və Avropa Birliyini tezliklə Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Hollandiyanın müvəqqəti baş naziri Dik Şuf ilə Berlində kameralara tuş gələn Merz Rusiyanı son hava hücumlarında qəsdən qeyri-hərbi hədəfləri vurmaqda ittiham edib.

Hər iki şəxs danışıqlarda ikitərəfli münasibətləri, Avropa əməkdaşlığını və beynəlxalq siyasəti müzakirə ediblər.

Ukraynada mülki yaşayış məntəqələrinə edilən son hücumları ən ciddi müharibə cinayətləri kimi xarakterizə edən Merz, bunların Ukraynanın ötən həftə hərbi hava limanlarına və infrastruktura son dərəcə həssas hücumlarına mütənasib cavab olmaqdan uzaq olduğunu deyib.

Merz Moskvanın danışıqlar aparmaq əvəzinə vəziyyəti gərginləşdirdiyini və qan gölünə yaratmağa çalışdığını iddia edərək, Ukraynanın hava hücumundan müdafiəsi sayəsində daha böyük faciənin qarşısının alındığını bildirib.

Şuf Merzin narahatlığını da bölüşərək bildirib ki, Ukrayna təkcə öz suverenliyini deyil, həm də Avropanın təhlükəsizliyini müdafiə edir. Şuf bu müharibənin Rusiyanın başlatdığı təcavüz müharibəsi olduğunu vurğulayıb.

Almaniya və Hollandiya liderlərinin bəyanatları ayın sonunda Kanadada keçiriləcək “G7” sammiti və Ukraynanın Qərb müttəfiqlərinin ABŞ prezidenti Donald Trampı Kremlə qarşı daha qətiyyətli mövqe nümayiş etdirməyə çağıracağı gözlənilən NATO toplantısından əvvəl verilib.

Merz və Şuf həmçinin Avstriyanın Qraz şəhərində məktəbdə atışma nəticəsində həlak olanlar üçün başsağlığı veriblər. “Gənclərin qəfil həyat itkisi məni çox sarsıtdı”, – Merz deyib.

 





10.06.2025    çap et  çap et