Vaxt.Az

Dövlət xəstəxanasında yeyinti


 

Baş həkim qovulub, digər günahkarlarsa töhmətlə xilas olub

Dövlət xəstəxanasında yeyinti Azərbaycan Respublikası Hesablama Palatası Hesabat ilində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Şəhər Klinik Xəstəxanasına ayrılan vəsaitlərin icrasının auditi aparılıb.

Anspress-in Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən verdiyi məlumata görə, təqdim olunmuş məlumatlara əsasən, auditin əhatə etdiyi dövrdə xəstəxananın xərclər smetaları vaxtında təsdiq olunub, xərclər smetasında nəzərdə tutulmuş vəsaitlərin kassa xərcləri təsnifata uyğun olaraq aparılıb, xəstəxananın şöbələrində dərman preparatlarının miqdar və məbləğ uçotu, mədaxil və gündəlik dərman buraxılışı bu məqsədlər üçün nəzərdə tutulmuş kitablarda əks olunub, ayın sonunda dərman preparatlarının mədaxil və məxaricinə dair hesabat tərtib edilərək mühasibatlığa təqdim edilib, xərc əməliyyatları mühasibatlıqda olan ilkin sənədlərə uyğun tərtib edilib, mühasibatlıqda aparılmış xərc əməliyyatlarına təsdiqedici sənədlər əlavə olunub, aparılmış xərc əməliyyatlarına müvafiq mühasibat yazılışları verilib, büdcə vəsaiti hesabına alınmış əsas vəsaitlər, mal-material qiymətliləri və ərzaq məhsulları vaxtlı-vaxtında tam məbləğdə mədaxil olunub, istismar müddətini başa vurmamış əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların silinməsi hallarına yol verilməyib, hər ilin sonunda təlimata uyğun olaraq inventarizasiya aparılıb və inventarizasiyaların nəticələri müvafiq qaydada rəsmiləşdirilib.

Bununla yanaşı, audit tədbiri zamanı normativ-hüquqi aktların tələblərinə tam riayət edilməməsi nəticəsində bəzi nöqsanlara da yol verildiyi müəyyən edilib. Belə ki, 3 saylı Şəhər Klinik Xəstəxanası tərəfindən ayrı-ayrı illərdə büdcə vəsaiti üzrə xərclərin proqnoz layihələri hazırlanarkən müvafiq iqtisadi əsaslandırmaların və hesablamaların tam aparılmaması nəticəsində bir sıra xərc maddələri üzrə icra faizi aşağı olub, bir sıra xərc maddələri üzrə isə nəzərdə tutulmuş vəsaitlərdən istifadə edilməyib. Auditlə əhatə olunan dövrdə malların (işlərin və xidmətlərin) satınalınması zamanı bəzi hallarda normativ sənədlərin tələblərinə əməl edilməyərək satın alınacaq mallar və satınalmalarda iddiaçı kimi iştirak etmiş malgöndərənlər barədə zəruri məlumatların alınması təmin edilməyib, bəzi hallarda tender iştirakçıları tərəfindən tenderdə iştirak haqqı ödənilməyib, tenderin keçirilməsi ilə əlaqədar xərclər yalnız dövlət büdcəsi hesabına ödənilib, normadan artıq ərzaq silgisinə yol verilib.

Xəstəxana üzrə büdcə ili üzrə tarifləşmə siyahıları təsdiq olunmayıb, tarifləşmə siyahılarının düzgün tərtib olunmaması nəticəsində auditlə əhatə olunan dövrdə şöbə müdirlərinə, həkim-laborantlara və orta tibb işçilərinə, habelə xəstəxananın digər şöbələrinin orta tibb işçilərinə, sanatoriya və kurort müalicəsində olduqları dövr üçün artıq əmək haqqı ödənilib, xəstəxananın ərazisinin gün ərzində müvafiq qurum tərəfindən mühafizə olunması ilə yanaşı, ştat cədvəlinə gözətçi ştatları daxil edilərək əmək haqqı, xəstəxananın mühasiblərinə və Kadrlar şöbəsinin müfəttişlərinə kompüterlə işlədiklərinə görə vəzifə maaşlarına düzgün olmayaraq əlavə, eləcə də vakant vəzifələr hesabına əmək haqqı xərc maddəsi üzrə yaranmış qənaət hesabına işçilərin əmək haqqına əlavə ödənilib. Vəzi əsas vəsaitlər və müxtəlif mal-material qiymətliləri mədaxil olunmamış, mərkəzləşmiş mətbəxin anbarında, xəstəxanadaxili aptekdə çatışmazlıq, xəstəxanadaxili aptekdə, xəstəxananın böyük tibb bacılarının öhdəsində yararlılıq müddəti ötmüş dərman preparatları müəyyən edilib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə Qərar qəbul etmiş, həmin Qərar icra üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib. Nəzarət tədbirinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.

Aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər barədə təqdim olunmuş məlumatda dövlət büdcəsinə 48544,7 manat vəsaitin bərpa olunduğu, 64400,0 manat dəyərində əsas vəsaitin, 167,3 min manat dəyərində mal-materialların uçota alındığı qeyd edilib. Eyni zamanda, nöqsanlara yol vermiş 8 nəfər barəsində müvafiq intizam tənbehi tədbirlərinin görüldüyü, o cümlədən baş mühasib, baş həkimin müavini, sahə rəisi, sahə rəisinin müavini, pəhriz həkimi və əczaxananın müdirinə şiddətli töhmət, pəhriz tibb bacısına və iqtisadçıya töhmət elan edildiyi bildirilib.

Qeyd edək ki, Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Xəlil İdris oğlu Məmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar 5 mayda KİV-də yer alıb. Bu vəzifə Fikrət Məmmədəli oğlu Zeynalova həvalə olunub.

 





17.05.2014    çap et  çap et