İranlı nazir bu barədə İran və ABŞ arasında nüvə danışıqlarının altıncı raunduna bir neçə gün qalmış açıqlama verib.
Mətbuat konfransında çıxış edən Nəsirzadə, "Digər tərəfdən, bəzi rəsmilər danışıqların nəticəsiz qalacağı təqdirdə münaqişənin olacağı ilə hədələyir. Əgər bizimlə münaqişə yaranarsa, ABŞ-ın bütün bazaları bizim əlimizdədir və biz bu bazaların yerləşdiyi ölkələri açıq şəkildə hədəfə alacağıq", – deyib.
***
ABŞ prezidenti Donald Tramp prezident kimi ilk dövründə 2015-ci il nüvə sazişindən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib. İran razılaşmanın ləğvindən sonra uranı zənginləşdirməyə davam edib.
ABŞ-ın yeni nüvə sazişi təklifinə görə, ABŞ İrandan uranın zənginləşdirilməsi proqramını dayandırmasını istəyir, İran isə ABŞ-ın bu tələbinin İranın maraqlarına zidd olduğunu, onun öz ərazisində sülh yolu ilə nüvə enerjisi istehsal etmək hüququna malik olduğunu və yüksək zənginləşdirilmiş uran ehtiyatını xaricə göndərmək istəmədiyini bildirir.
***
RİA Novosti xəbər agentliyinin bu gün verdiyi xəbərə görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Rusiya İran və ABŞ-ın razılığa gəlməsinə kömək etmək üçün İranın zənginləşdirilmiş uran ehtiyatını ala bilər.
Tramp nüvə razılaşmasının əldə olunmayacağı təqdirdə İranı bombalayacağı ilə hədələmişdi. Nüvə danışıqlarının yeni mərhələsi bu həftə keçiriləcək. Tramp danışıqların yeni mərhələsinin sabah (iyunun 12-də) keçiriləcəyini desə də, İran iyunun 15-də Omanda keçiriləcəyini deyir.