“Sinxua” agentliyinin məlumatına görə, danışıqlarda Çin tərəfinə rəhbərlik edən Baş nazirin iqtisadi məsələlər üzrə müavini Hi Lifınq, iki tərəfin iqtisadi və ticarət mübahisələrini bərabər dialoq və qarşılıqlı faydalı əməkdaşlıq yolu ilə həll etməli olduqlarını vurğulayaraq, “Çin ticarət müharibəsi istəmir, lakin bundan da qorxmur” deyib.
Londonda keçirilən ABŞ və Çin arasında iqtisadi və ticarət məsləhətləşmə mexanizminin görüşündə tərəflərin qarşılıqlı narahatlıqlarının həllində yeni irəliləyişlərin əldə edildiyini vurğulayan Hi, iki ölkənin razılaşmanı növbəti prosesdə hərəkətə keçirərək çətin əldə edilən nəticələri qarantiyaya alması, qlobal iqtisadiyyata sabitlik və proqnozlaşdırmanı təmin edəcək konstruktiv iqtisadi və ticarət əlaqələrinin qurulması istiqamətində çalışmalı olduğunu bildirib.
Çinin Beynəlxalq Ticarət Nümayəndəsi Li Çinqanq verdiyi açıqlamada tərəflərin son iki gündə rasional, peşəkar, səmimi və dərin təmaslar qurduğunu və problemlərin həllində irəliləyişin əldə edildiyini bildirib.
İyunun 5-də iki lider arasında telefon danışığı və may ayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş əvvəlki danışıqlarda əldə olunan razılaşmanın həyata keçirilməsi çərçivəsində tərəflərin prinsipial razılığa gəldiyini vurğulayan Li, “Ümid edirik ki, London görüşündə əldə olunan irəliləyiş Çin və ABŞ arasında etimadın möhkəmlənməsinə, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sağlam və sabit inkişafına töhfə verəcək”, – deyib.
***
ABŞ prezidenti Donald Tramp Londonda keçirilən ticarət danışıqlarının nəticələrini açıqlayaraq Çinlə razılığa gəldiklərini, ABŞ-ın 55 faiz, Çinə isə 10 faiz rüsum tətbiq edəcəyini bildirib.
Çin tərəfi də danışıqların nəticələri ilə bağlı təfərrüatları açıqlamayıb və Trampın bəyan etdiyi tarif dərəcələrini hələlik təsdiq etməyib.
Qarşılıqlı tarif artımları səbəbindən artan ticarət gərginliyini həll etmək üçün ABŞ və Çinin başlatdığı danışıqların yeni mərhələsi 9-10 iyun tarixlərində İngiltərənin paytaxtı Londonda keçirilib.
ABŞ tərəfini maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qri, Çin tərəfini isə baş nazirin iqtisadi məsələlər üzrə müavini Hı Lifınq, ticarət naziri Vanq Vıntao və beynəlxalq ticarət nümayəndəsi Li Çınqqanq təmsil edib.
***
Tramp aprelin 2-də Çin də daxil olmaqla ticarət tərəfdaşlarına əlavə gömrük rüsumlarını açıqlamışdı və Çinin buna cavab verməsi ilə başlayan iki ölkə arasında tarif hesablaşmaları nəticəsində ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini 145 faizə, Çin isə ABŞ-a 125 faiz rüsum tətbiq etdi.
Ticarət gərginliyinin artmasının ardından ABŞ və Çin rəsmiləri mayın 10-11-də İsveçrənin Cenevrə şəhərində tarif danışıqları aparmaq üçün görüşdülər və qarşılıqlı gömrük rüsumlarının 90 gün müddətinə azaldılması barədə razılığa gəliblər.
Toplantıdan sonra qərara alındı ki, mayın 14-dən etibarən ABŞ Çin mallarına tətbiq etdiyi gömrük rüsumlarını 90 gün ərzində 145 faizdən 30 faizə, Çin isə ABŞ mallarına tətbiq etdiyi gömrük rüsumunu 125 faizdən 10 faizə endirsin.
Mayın 30-da verdiyi açıqlamada Tramp Çini Cenevrədə əldə olunmuş razılaşmanın böyük bir hissəsini pozmaqda ittiham edib və bunu Çin prezidenti Si Cinpinlə müzakirə edəcəyini və problemin həll olunacağına ümid etdiyini bildirib.
Vaşinqton Pekinin razılaşmaya baxmayaraq nadir torpaq ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmadığını iddia etdi və buna cavab olaraq, süni intellekt çiplərinin ixracına nəzarət tətbiq etdi, çip dizaynında istifadə edilən proqram təminatının Çinə satışını dayandırdı və Çin Kommunist Partiyasına (ÇKP) bağlı olan və ya kritik tədqiqat sahələrində çalışan Çin universitet tələbələrinin vizalarını ləğv edəcəyini açıqladı.
İyunun 5-də ABŞ prezidenti Tramp və Çin prezidenti Si iki ölkə arasında qarşılıqlı tarif artımları ilə artan ticarət gərginliyindən sonra ilk dəfə telefonla danışıblar. Bildirilib ki, tərəflər görüş zamanı iki ölkənin nümayəndə heyətlərinin Cenevrədə əldə olunmuş razılaşmanın həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkləri barədə razılığa gəliblər.