Nəşrin məlumatına görə, yaxın zamanda Ermənistan təxminən 180 kvadrat kilometr ərazini Azərbaycana verməyə hazırlaşır. Əvəzində isə yalnız 25 kvadrat kilometr sahəni geri alacaq. Bu qeyri-bərabər dəyişiklik ictimaiyyətdə ciddi narahatlıq doğurub.
Diqqətçəkən məqamlardan biri isə Delimitasiya Komissiyasının bu prosesə cəlb olunmamasıdır – komissiyanın rəhbəri Mher Qriqoryan ümumiyyətlə danışıqlarda iştirak etməyib.
“Hraparak”ın dərc etdiyi xəritələrə əsasən, sərhəd boyunca Azərbaycan tərəfinin irəliləyişi müşahidə olunur. Bəzi hallarda isə sərhəd xətti Ermənistanın iç bölgələrinə qədər uzanır. Nəşr yazır ki, Tavuşdan Sünikə qədər olan sahələrdə Ermənistan əhəmiyyətli dərəcədə ərazi itirir, Azərbaycan isə mövqe üstünlüyü qazanır.
Maraqlıdır ki, bu mərhələdə anklav və eksklav məsələləri danışıqlara daxil edilməyib – onlar gələcək raundlara saxlanılıb.
Bu informasiyalar hələlik rəsmi təsdiqini tapmasa da, regiondakı gərgin fonu nəzərə alaraq, bu cür xəbərlər həm Ermənistanda, həm də Azərbaycanda diqqətlə izlənir. Sərhəd dəyişikliyinin əsl mahiyyəti və nəticələri isə yalnız rəsmi sənədlər ortaya çıxdıqda aydın olacaq.