Məqsəd – dini liderlərin nüfuzunu sarsıtmaqdır.
İddialara əsasən, bu kampaniyaya media vasitəsilə din xadimləri barədə “dəhşətli” məlumatların dövriyyəyə buraxılması, gündəlik ifşaedici xəbərlərin yayılması və Ermənistan Apostol Kilsəsinin nüfuzuna sistemli zərbələr daxil edilib.
Bununla yanaşı, hökumətin diqqətində bir başqa məsələ də var: katolikos II Qareginə qarşı daxildə koalisiyanın qurulması və onun vəzifədən kənarlaşdırılmasına şərait yaratmaq.
Bu gərginliyin fonunda, Paşinyan mayın 29-da keçirilən hökumət iclasında kilsələri açıq şəkildə tənqid edib. O, kilsələrin pis vəziyyətdə olduğunu bildirərək, ibadət yerlərində sement torbaları və paslı armatur hissələrinin saxlanıldığını deyib. Bu çıxış kilsə dairələrində ciddi narazılıq yaradıb.
Amma baş nazir bununla kifayətlənməyib. Sosial şəbəkələrdə ard-arda paylaşım edərək din xadimlərini dini qaydaları pozmaqda, o cümlədən bir arxiyepiskopu şəxsi həyatı ilə bağlı qalmaqallı ittihamlarla hədəfə alıb. Hətta katolikosun subaylıq andını pozduğunu iddia edib.
Məsələ ictimai rezonansa səbəb olub. Etik normaların pozulması və dövlət rəhbərinin davranışı ilə bağlı ölkənin Korrupsiya ilə Mübarizə Komissiyası artıq Paşinyanın paylaşdıqları ilə bağlı araşdırma başladıb.
Ermənistanda din və siyasət arasında onsuz da kövrək olan balans yenidən pozulmağa başlayıb. Bu qarşıdurmanın nə ilə nəticələnəcəyi isə hələ ki, bəlli deyil.