Mayın 18-də Erməni Silahlı Qüvvələri 11
minlik ordu ilə Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu ərazisindən
Laçına hücuma keçdiyi bir vaxtda bizim əsgərlər hələ də əsgər marşı oxuyurlar.
Əslində onlara bu marşı oxutduran rəhmətlik Çingizdir. Xeyr, onun niyyəti
sadəcə çəkiliş aparmaq deyil, əsgərlərdə döyüş ruhunu oyatmaqdır. Amma nə
mənası var? Qaçan qaçıb, satan satıb, geriyə qalan bu uşaqlardır.
Əsgərlərdən biri deyir ki, qeyrətli
oğlanlar vuruşur, biqeyrətlər qaçıblar. Heç maraqlanan da yoxdur.
Sonradan Laçının müdafiəsinə cavabdehlər
belə danışacaqdılar ki, Ermənistanla sərhədə 5 min 500 mina düzmüşdük və
Ermənistan tərəfdən hücumun olacağına inanmırdıq. Əsas hücumun Dağlıq Qarabağ
tərəfindən olacağı ehtimal edilirdi. Buna uyğun da ehtiyat tədbirləri
görülmüşdü. Amma qüvvələrin Dağlıq Qarabağ istiqamətindən çıxarılıb başqa
istiqamətə göndərilməsi xəyanət idi və bunu düşmən yox, özümüzünkülər etmişdi.
Hər halda, bunlar illər sonra danışılacaqdı. Hələlik danışılan başqa söhbətlərdir.
Məsələn, kəşfiyyat rəisi Vaqif Salmanov Şuşa-Qaladərəsi yolunda, Laçından
Şuşaya gedən yolun 8-9-cu km-liyində yerləşən körpünün partladılmasını öz
üzərinə götürür. Bu, işğalçı qüvvələrin Laçına girişinin qarşısını müəyyən
qədər alacaq, əhalinin qalan hissəsi Laçından çıxarılacaqdı.
Körpü partladılır. Amma uğursuzluq burda
da özünü göstərir. Körpünü tam partlatmaq mümkün olmur. Hətta mümkün olsa da,
bu, Laçının əldə saxlanılması anlamına gələ bilməz. Qüvvələr nisbəti də, döyüş
qabiliyyəti də, nizam-intizam da, vahid komandanlıq da bizim əleyhimizədir.
Laçının işğalı nəticəsində 264 nəfər
şəhid olur, 65 nəfər girov götürülür, 64 min nəfər isə məcburi köçkünə
çevrilir. Bu gün aktual olan sual həm də budur. Həmin bu 64 min nəfər məcburi
köçkünə çevrilməyə bilərdimi? Bəyəm, ermənilər 64 min nəfəri öldürmək
iqtidarına qadir idimi? Yəni, əhali Laçını qoyub qaçmasaydı, nə baş verərdi?
Qarabağ müharibəsini lentə alan
jurnalist Vahid Mustafayevin sözlərinə görə, sözsüz ki, əhali Şuşada, Laçında,
Qubadlıda, Zəngilanda qalsaydılar, bu gün Azərbaycan dövlət nümayəndələrinə
Ermənistanla danışıqlar aparmaq da rahat olardı: «Bilirsiniz, o torpaqlar işğal
olunmasaydı, o torpaqlarda azərbaycanlılar yaşayardı. Böyük bir əhali olardı.
Onda onlarla biz təmasda olardıq. Bir növ partizan hərəkatı olardı . Amma çox
təəssüf olsun ki, tələyə düşdük».
İndi düz 22 ildir ki, bu tələdən çıxa bilmirik. Tələni quran, türklər demişkən «Meşə tülküsü»nün ta kəndisi idi. Bəli, dərələr xəlvət olanda orada həmişə tülkülər bəylik edir. Hərçənd, bir vaxtlar Laçına bəyliyi Qəmlolar, Kərbalayilər edərdi. Heyf səndən Kərbalayi, heyf səndən Laçın.