Vaxt.Az

“AB-nin nə istədiyi aydın deyil”


 

Hikmət Hacıyev: “Bizim investisiya imkanlarımız var və qardaş ölkələrlə sıx əməkdaşlıq edirik”

“AB-nin nə istədiyi aydın deyil” “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə başlayanda Avropa və Amerika fondları bu layihəyə maliyyə ayırmaqdan imtina etdilər. Biz isə qərara gəldik ki, bu işi öz vəsaitimizlə görəcəyik. Biz bu layihəni həyata keçirdik”.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı səsləndirib.

Prezidentin köməkçisi bildirib ki, bölgədə dayanıqlı ticarət və nəqliyyat əlaqələrinin qurulması üçün əməkdaşlıq və tərəfdaşlıq əsas şərtdir. “Bizim investisiya imkanlarımız var və bölgədəki qardaş və tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edirik”, – deyə Hikmət Hacıyev vurğulayıb.

O əlavə edib ki, Azərbaycan bütün əsas nəqliyyat infrastrukturunu Mərkəzi Asiya ölkələri ilə birləşdirib. H.Hacıyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə bölgədə üzərlərinə düşən işi yerinə yetirir və Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndirirlər. O, həmçinin qeyd edib ki, Çin və Qırğızıstan hazırda 900 kilometrlik yeni dəmir yolu xətti inşa edirlər və bu infrastruktur Mərkəzi Asiyaya daha qısa marşrutla çıxış imkanı verəcək. Transxəzər vasitəsilə biz bu proseslərin hamısını bir-biri ilə əlaqələndiririk.

“Sualım budur ki, Avropa Birliyi (AB) haradadır? Bəli, siz tərəfdaş kimi bizə qoşula bilərsiniz, amma hələ də AB-nin bu məsələdə nə istədiyi tam aydın deyil. Biz hələ də bunu görə bilmirik”, – deyə o vurğulayıb.

 





14.06.2025    çap et  çap et