Vaxt.Az

İran necə Mossadın oylağına çevrildi?


 

“İsrail agentləri öldürülənləri əvəz edəcək İran komandirlərini də hədələyir”

İran necə Mossadın oylağına çevrildi? “MOSSAD” İsrailin İrana qarşı həyata keçirdiyi “Yüksələn Aslan” əməliyyatında böyük rol oynayıb. CNN-in təhlili göstərir ki, İsrailin milli kəşfiyyat agentliyi “MOSSAD” əməliyyatdan aylar əvvəl gizli şəkildə İrana silah keçirib.

Adının açıqlanmasını istəməyən mənbələr “MOSSAD”ın İran daxilində partlayıcı maddələr daşıyan pilotsuz təyyarələr yerləşdirdiyini və əməliyyat zamanı Tehran yaxınlığında raket buraxılış qurğularını vurmaq üçün istifadə edildiyini bildirir.

Bunun İsrail Hərbi Hava Qüvvələrinin dünən 200-dən çox təyyarə ilə 100-dən çox hücum həyata keçirməsinə zəmin hazırladığı bildirilir.

İsrail ordusu ilk hücum dalğasından sonra bütün döyüş təyyarələrinin heç bir itki vermədən geri qayıtdığını bildirib.

İranın dövlət mediasının məlumatına görə, hücumlarda Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami və İsrailə hücumların liderlərindən olan general Qulam Əli Rəşid həlak olub. Əməliyyatda altı nüvə alimi də həyatını itirib.

Bu gün açıqlanıb ki, SEPAH-ın yüksək rütbəli zabitləri, general Qulamrza Mehrabi və general Mehdi Rəbbani də İsrailin hücumlarında həlak olublar. İranın yarı rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, Mehrabi Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəis müavini, Rəbbani isə Baş Qərargahın Əməliyyat İdarəsinin rəis müavini olub.

“Axios”un xəbərinə görə, İsrailin hücuma keçəcəyi aydınlaşınca SEPAH komandirləri strategiyanı müəyyən etmək üçün möhkəmləndirilmiş yeraltı bölgəyə toplaşıb. Lakin fövqəladə vəziyyət protokolundan və komandirlərin toplandığı yerdən xəbərdar olan İsrailin həmin bölgəni darmadağın edib.

Adının açıqlanmasını istəməyən bir İsrail rəsmisi, “İranın dərhal qisas alması əmrini verə biləcək heç kim olmadı, bu da onların cavabını gecikdirdi”, – deyib.

CNN-ə danışan İsrail mənbələri deyirlər ki, “MOSSAD” tərəfindən toplanan kəşfiyyat məlumatları sayəsində İranın yüksək rütbəli hərbi rəsmiləri dəqiqliklə vurulur.

ABŞ-ın analitik mərkəzi olan Vaşinqton İnstitutundan Holli Daqres deyir ki, ““MOSSAD” illərdir İranı oyun meydançasına çevirib”.

İsrail təhlükəsizlik rəsmisi deyir ki, son əməliyyatda “MOSSAD” komandoları Tehranın dərinliklərinə daxil olub və qırıcı təyyarələr havaya qalxarkən İranın hava hücumundan müdafiə raketlərini, ballistik raketlərini və raket buraxılış sistemlərini hədəf alıb.

Agentliyin həmçinin İranın hava hücumundan müdafiə sistemləri yaxınlığında “dəqiq idarə olunan silah sistemləri” yerləşdirdiyi bildirilir. İran digər müdafiə sistemlərini hədəfə almaq üçün bəzi maşınlara quraşdırılmış qabaqcıl silahlardan da istifadə edib.

Anonimlik şərti ilə “The Washington Post” qəzetinə danışan İsrail rəsmiləri də “MOSSAD”ın fəaliyyətini davam etdirdiyini bildirirlər. Bildirilir ki, İsrail agentləri öldürülən iranlı hərbçilərin yerinə gəlmə ehtimalı olan komandirlər və rejim rəsmilərinə təhdid mesajları göndəriblər.

Mənbələr bildirir ki, “MOSSAD” illərdir İsrail Müdafiə Qüvvələri (IDF) ilə İrandakı tanınmış məmurların iqamətgahları və sığınacaqları ilə bağlı məlumat fayllarını toplamaq üçün işləyir.

 

“Yüksələn Aslan” əməliyyatı

 

İsrail dünən səhər saatlarında başlatdığı “Yüksələn Aslan” əməliyyatında Tehran da daxil olmaqla İranın bir neçə şəhərinə hücum edib. Ən azı 78 nəfər, o cümlədən 20 yüksək səviyyəli komandir və altı nüvə alimi həlak olub.

İran cavab olaraq İsrailə 100-ə yaxın pilotsuz təyyarə göndərdi və Tel-Əviv onların hava məkanına çatmamış məhv edildiyini bildirdi.

Lakin İranın ballistik raketlərlə atdığı raketlər Təl-Əvivin cənubundakı bəzi binalara düşüb. İsrailin ictimai yayımı olan KAN-ın məlumatına görə, hücumlar nəticəsində 3 nəfər ölüb, 172 nəfər yaralanıb.

İranın yarı rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, İsrail bu gün Təbriz neft emalı zavodu yaxınlığında hücuma keçib. Bundan əlavə, mühüm müdafiə və hərbi bazaların yerləşdiyi Lorestan, Həmədan və Kirmanşah şəhərləri də hədəfə alınıb. Ölən və yaralananların sayı hələlik məlum deyil.

Digər tərəfdən, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin hədəfə aldığı İranın Natanz nüvə obyektində sızma olduğunu bildirib. İsrail ordusu İsfahandakı nüvə obyektini də vurub.

 





14.06.2025    çap et  çap et