Vaxt.Az

Dırnaqarası “müsəlman həmrəyliyi”


 

Nə dostlarından, nə də müttəfiqlərindən İrana dəstək gəlmədi

Dırnaqarası “müsəlman həmrəyliyi” Bəli, dünya mediasının da qeyd etdiyi kimi bu dəfə İsrail İranı ürəyindən vurdu. Və İsrailin ABŞ-ın dəstəyi, Trampın gizli “xeyir-dua”sı ilə həyata keçirdiyi bu cür böyük hücumun sonunda həm də İranın meydanda tək qaldığı üzə çıxdı.

Biz nə İranın ən yaxın müttəfiqləri sayılan Rusiya və Çinin, nədəki bir çox müsəlman ölkələrinin İrana belə bir kritik məqamda real dəstək verməyə tələsdiyini görmədik. İranın ənənəvi dostları, müttəfiqləri sayılan Ermənistan, Fransa, Yunanıstan və Hindistandan da İsrailə qarşı hər hansı təpki, qınaq gəlmədi.

İranla bütün anlaşılmazlıqlara, ixtilaflara baxmayaraq yalnız Azərbaycan XİN-i bəyanat yayaraq narahatlığını bildirdi. Birdəki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını pislədi.

“İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır. Beynəlxalq ictimaiyyət indi qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna “dur” deməlidir”, – deyə Ərdoğan İsrailin İrana hücumlarına kifayət qədər sərt reaksiya verib.

İranın panfarsçı, anti-türk mövqeli rəhbərliyi ən azı buna görə Azərbaycan və Türkiyənin qədrini bilməlidir.

Məzhəb fərqini daim diqqət mərkəzində saxlayan ərəb ölkələri İsrailin İrana zərbələrini üzdə qınasalar da, lakin əsl həqiqətdə isə onlar İranın bu cür ağır zərbəyə məruz qalmasından olduqca məmnundurlar. Bunun da ilkin əsas səbəbi yuxarıda qeyd etdiyim kimi aradakı kəskin məzhəb fərqidir. Lakin bundan heç də az əhəmiyyət kəsb etməyən digər əsas səbəb isə məhz İranın yürütdüyü toksik, təxribatçı siyasətdir.

İran uzun illərdir ki, həm Azərbaycan və Türkiyəyə qarşı, həm ərəb ölkələrinə qarşı, həm də Pakistan və Əfqanıstana qarşı ya qeyri-dost münasibət sərgiləyir, yadaki cürbəcür təxribatlara yol verir, proksi qüvvələri hərəkətə gətirir, terrorçu örgütlərə dəstək verir. Məhz davakar molla rejiminin bu cürə məkrli siyasətlərinin nəticəsidir ki, İran bu gün təklənib, meydanda tək qalıb, real dəstəkdən məhrum olub.

Əgər mollalar bundan sonra da hakimiyyətlərini qoruyub saxlamağı bacarsalar, heç şübhəsiz ki, bugünkü təklənmələrinin səbəbləri barədə də dərindən düşünməlidirlər. Onlar qonşularına qarşı (ilk növbədə isə Azərbaycan və Türkiyəyə münasibətdə) zərərli və zəhərli siyasətlərini kökündən dəyişməli, destruktiv-pozucu hərəkətlərindən tamamən əl çəkməlidirlər. Çünki hazırkı davakar qonşuluqla, dırnaqarası “müsəlman”çılıqla çox irəli getmək olmaz.

İranın İsrailin hücumları qarşısında təklənməsi “müsəlman həmrəyliyi” amilinin də deklarativ, görüntü xarakterli anlayış olmaqdan başqa bir şey olmadığını bir daha ortaya qoydu. Çünki bir tərəfdən İran, digər tərəfdən isə ərəb ölkələri zaman-zaman İslam həmrəyliyini zədələyən, müsəlman aləminin parçalanmasına rəvac verən dağıdıcı siyasət yürüdüblər. Ona görə də bu gün ərəb ölkələri də, İran da İsrailin hücumları, təzyiqləri qarşısında çarəsiz, aciz duruma düşürlər.

Elə bu səbəbdəndir ki, Suriya, Livan, Yəmən, Fələstin (Qəzza) İsrail tərəfindən bombalananda da müsəlman dünyası İsrailə qarşı birlik, həmrəylik nümayiş etdirə bilmədi. Və yenə də bu səbəbdəndir ki, keçən ay Pakistan Hindistanın  hücumuna məruz qalanda Azərbaycan və Türkiyədən başqa müsəlman ölkələrindən kimsə Pakistana real dəstək vermədi.

P.S. Bu gün müsəlman ölkələrinin belə bir acınacaqlı duruma düşməsinin əsas səbəbkarı olan İran, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), İordaniya kimi aparıcı müsəlman ölkələrinin rəhbərləri dərk etməlidirlər ki, onların qatı məzhəbçi siyasət yürütməsi son nəticədə bütün müsəlman dünyasını zəlil gününə qoyur. Və eyni zamanda, özləri də xarici həmlələr qarşısında  köməksiz duruma düşürlər.

P.P.S. Türk dövlətləri isə müsəlman dünyasından həmrəylik gözləmədən, Azərbaycan-Türkiyə birliyindən nümunə götürərək TDT-nin (Türk Dövlətləri Təşkilatı) çətiri altında daha sıx birləşməlidirlər. Çünki birləşməsələr, sabah istənilən türk dövləti Rusiya, ABŞ, Fransa, Çin kimi hegemon dövlətlərin hücumları qarşısında təklənə və suverenliyini itirə bilər.

 





14.06.2025    çap et  çap et