Vaxt.Az

15 İyun – Milli Qurtuluş Günü


 

Heydər Əliyev yolu Azərbaycan xalqının yoludur

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın taleyində dönüş nöqtəsi olan bu gün, ölkəmizin sabaha ümidlə baxdığı, sabitlik və inkişaf yoluna qədəm qoyduğu gündür. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi, müstəqil Azərbaycanın möhkəm təməli qoyuldu.

Azərbaycanın müstəqillik tarixi zəngin, eyni zamanda çətin sınaqlarla dolu olmuşdur. 1991-ci ildə bərpa olunan dövlət müstəqilliyi ilk illərdə dərin siyasi, iqtisadi və hərbi böhranlarla üz-üzə qaldı. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan gənc dövlət kimi öz varlığını qorumaqda, daxili sabitliyi təmin etməkdə böyük çətinliklər yaşayırdı. Ölkə daxilində idarəetmə böhranı, silahlı qarşıdurmalar, Qarabağda gedən müharibə, dövlət çevrilişi təhlükələri, bölgələrdə separatizm meylləri və hüquqi anarxiya hökm sürürdü. Azərbaycan artıq parçalanmaq, dövlətçiliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

Belə ağır bir tarixi mərhələdə Azərbaycan xalqı öz xilaskarını – böyük dövlət xadimi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ilin iyun ayında xalqın təkidli çağırışı ilə Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını qoydu. Məhz 15 iyun 1993-cü il tarixində Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə real hakimiyyət formalaşdı və dövlətin süquta uğramasının qarşısı alındı. Bu gün tarixi 15 İyun ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur.

Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə idarəetmə böhranının aradan qaldırılması ilə məhdudlaşmadı. Onun rəhbərliyi altında Azərbaycanın dövlət quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. İlk növbədə ölkədə hüquqi dövlətin əsasları qoyuldu, vətəndaş qarşıdurmasının qarşısı alındı, ordu quruculuğu sistemli şəkildə həyata keçirildi. Heydər Əliyevin qətiyyətli addımları nəticəsində daxili sabitlik bərpa olundu, hüquqi anarxiyaya son qoyuldu, dövlətin dayaqları möhkəmləndi.

Heydər Əliyevin uzaqgörən siyasətinin ən mühüm istiqamətlərindən biri Azərbaycanın xarici siyasət kursunun dəqiq müəyyənləşdirilməsi oldu. O, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini formalaşdırdı, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq münasibətləri qurdu, Qərblə siyasi və iqtisadi əlaqələri genişləndirdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxışını təmin etdi, ölkəyə xarici sərmayələrin axını başladı və iqtisadi sabitlik formalaşdı. Məhz bu strateji sənəd Azərbaycanın iqtisadi inkişafının təməl daşına çevrildi.

Heydər Əliyev üçün ən mühüm prioritetlərdən biri də Qarabağ problemi idi. Onun diplomatik səyləri nəticəsində 1994-cü ildə atəşkəs razılaşması əldə olundu və Azərbaycanın dövlətçiliyi daha bir ciddi sınaqdan üzüağ çıxdı. Atəşkəs həm də Azərbaycanın ordu quruculuğunu möhkəmləndirmək, iqtisadi imkanlarını artırmaq və gələcəkdə problemin ədalətli həllinə zəmin yaratmaq üçün zaman qazandırdı.

Bu gün biz əminliklə deyə bilərik ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı təkcə bir siyasi hadisə deyil, Azərbaycan dövlətçiliyinin xilası, milli birliyin bərpası və sabit inkişaf yolunun başlanğıcı olmuşdur. Onun müəyyən etdiyi strateji inkişaf modeli bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan bu gün regionun aparıcı dövləti, müstəqil və suveren siyasət yürüdən güclü ölkə kimi beynəlxalq aləmdə tanınır. 30 ildən sonra əldə edilən 44 günlük Zəfər də bu siyasi xəttin davamının məntiqi nəticəsidir.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixində yalnız bir dönüş nöqtəsi deyil, həm də bir millətin öz dövlətinə sahib çıxmasının, müstəqilliyini qorumaq əzmində olmasının simvoludur. Bu gün Azərbaycanın hər bir vətəndaşı həmin qurtuluş gününün bəhrələrini yaşayır.

Qurtuluşumuz əbədidir. Heydər Əliyev yolu Azərbaycan xalqının yoludur.

 





15.06.2025    çap et  çap et