Adamın nüfuzu da, zəhmi də, İranın hakim elitasına və dindar kütləsinə psixoloji təsir gücü də bir göz qırpımında sarsılıb. Bu mənada, əslində ən böyük zərbə İran generallarına, fiziklərinə və nüvə obyektlərinə deyil, məhz Xameneyinin imicinə dəyib.
Ona görə də bu gün İranda hakimiyyətsizlik və çarəsizlik hökm sürür. Türkan Urmiyalı adlı Güneydən olan soydaşımız Urmiyadan dəqiq xəbər kimi bildirir ki, hazırda Urmiyada əsgərlər və hərbi qüvvələr xidmət yerlərinin binalarında, qərargahlarda durmamağa üstünlük verirlər. Onların hamısı İsrailin zərbə qorxusu ilə hərbi obyektləri, hərbi hissələri tərk edib ətrafda gəzişir və “İsrailin muşəklərinin (raketləri) qarşısında biz nə edə bilərik ki” deyirlər.
Bu mənzərəni, bu durumu eynilə Təbrizdə, Zəncanda, Tehranda və hərbi obyektlərin, strateji müəssisələrin yerləşdiyi digər şəhərlərdə də müşahidə etmək mümkündür.
Beləliklə, az qala hamıya meydan oxuyan İran kimi hirsli-hikkəli bir dövlət bir göz qırpımında iflic olub.
Bu arada İran prezidenti Məsud Pezeşkian isə İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı zamanı İslam ölkələrinin təcavüzlərə qarşı ortaq məsuliyyət daşıdığını vurğulayaraq deyib ki, “sülh, təhlükəsizlik və sabitlik istəyən hər bir ölkə təcavüzə qarşı mübarizə cəbhəsində dayanmalıdır”. Yəni ki, İranın yanında yer almalı, molla rejimini dəstəkləməlidir.
Həmçinin, o da bildirilir ki, Pezeşkian bir sıra Qərb ölkələri ilə yanaşı, Azərbaycanı da İsrailə təzyiq göstərməyə və qarşılıqlı atəşkəsin elan edilməsinə dəstək verməyə çağırıb.
Pezeşkianın bu bəyanat və çağırışları onu göstərir ki, İranı idarə edən hazırkı fars-molla rejimi nəhayət ki, gec də olsa anlayıb ki, heç demə, kritik məqamlarda və xarici təcavüz hallarında İslam həmrəyliyi olduqca vacib və önəmli amil imiş.
Beləliklə, uzun illər boyu işğal altındakı məscidlərimizdə donuz saxlayan erməniləri dəstəkləyən, Zəngəzur dəhlizinin açılmasına hər vasitə ilə mane olan fars-molla rejimi bu gün ayılıb və yadına İslam həmrəyliyi düşüb.
PKK-nın qanadı olan PJAK-ı dəstəkləməklə həm Urmiyada Azərbaycan türklərini sıxışdırmağa çalışan, həm də Türkiyəni terror təhdidlərinə məruz qoyan molla rejimi indi ayılıb ki, müsəlman birliyi deyilən bir nəsnə də varmış.
Keçən il Pakistana raket atan, bu il isə Pakistan Hindistanın hücumuna məruz qalanda Hindistanın yanında yer alan molla rejimi bu gün İslam həmrəyliyinə möhtac duruma düşüb.
Ərəb ölkələrinin bir çoxunu öz proksi gücləri ilə, milisləri ilə hörümçək toru kimi bürüyən və İraqla düz 8 il amansız müharibə aparan molla rejimi indi İraqın simasında ərəb ölkələrindən dəstək umur, onları İsrailin təcavüzünə qarşı vahid mübarizə cəbhəsində birləşməyə çağırır.
Əfqanıstanla su davası aparan molla rejimi indi taliblərə də mesaj yollayır ki, hər bir müsəlman ölkəsinin boynuna təcavüzə qarşı birgə mübarizə aparmaq məsuliyyəti düşür.
Beləliklə, zamanında heç bir müsəlman dövləti ilə normal əlaqələr qurmağa, din qardaşlarıyla aranı yaxşı etməyə səy göstərməyən və bunun tam əksinə, Ermənistan, Rusiya, Çin, Fransa, Yunanıstan, Hindistan kimi türk və müsəlman düşmənləri ilə sıx əməkdaşlıq edən İranın toksik ruhaniləri bu gün İsrailin dağıdıcı hücumu qarşısında təklənəndə bütün varlıqları ilə hiss etməyə başlayıblar ki, real İslam həmrəyliyi necə önəmli müdafiə sipəri ola bilərmiş.
P.S. Bəli, bu, acı həqiqətdir. Və əslində bu acı həqiqəti təkcə İranın qafil və cahil mollaları yox, bütün müsəlman-türk dünyasının liderləri, siyasi elitaları başa düşməlidirlər. Başa düşməlidirlər ki, sözdə yox, real İslam həmrəyliyi (siyasi, iqtisadi və hərbi müstəvidə müsəlman birliyi) araya-ərsəyə gətirilməsə, bu gedişlə bütün müsəlman ölkələrini bir-bir “dənləyə”, dünya siyasi xəritəsindən silə bilərlər...