Neft bu gün İsrail və İranın həftə sonu davam edən hücumlarının müharibəni regiona yayacağı və Yaxın Şərqdən neft ixracını əhəmiyyətli dərəcədə poza biləcəyi ilə bağlı narahatlıqlarla bahalaşıb.
“Brent” markalı neftin fyuçersləri 1,5 faiz artaraq barreli 75,35 dollara, ABŞ xam nefti isə 1,5 faiz artaraq 74,08 dollara çatıb.
İsrail iki gün əvvəl İranın ən böyük enerji yatağı olan nəhəng Cənubi Pars yatağı ilə əlaqəli təbii qaz emalı müəssisəsini sıradan çıxarıb və Tehranın nüvə proqramına qarşı kampaniya çərçivəsində yanacaq anbarlarını hədəfə alıb.
Hücum İranın beynəlxalq bazarlara neft ixracından çox daxili enerji sisteminə yönəlib, lakin neft investorları və analitiklər iyunun 13-də son üç ildəki ən böyük qiymət artımından sonra daha çox dəyişkənlik gözləyirlər.
ABŞ-ın sanksiyalarına baxmayaraq, İran Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) üçüncü ən böyük istehsalçıdır. İranın Yəməndəki müttəfiqləri Husilər bölgədəki gəmilərə hücum edərkən, Tehran daha əvvəl Fars körfəzindəki kritik boğaz nöqtəsi olan Hörmüz boğazını bağlamaqla hədələyib. Amma indiyədək o, əsas dəniz yolunu tamamilə bağlamayıb.
“JPMorgan Chase & Co”ya görə, Hörmüz boğazının bağlanması neftin beynəlxalq qiymətlərinin bir barel üçün 130 dollara qədər yüksəlməsinə səbəb ola bilər. Neft qiymətlərindəki artım bütün dünyada inflyasiya təzyiqlərini daha da artıracaq.