Elə bu
arada cənnət dilənçiləri Suriyanın uzaq səhralarında əl açırlar. Atəş açırlar.
Və elə həmin vaxt da elə həmin müsəlmanların qiblədaşları öz həmdinlərinə
Nigeriyada cəhənnəm tikirlər. O dünyanın cənnəti naminə. Ən qəribəsi də budur
ki, gözdən qulaqdan uzaq olan və görünür qara olduğundan qaranlıq otaqda hətta
olsa, belə gözə dəyməyən Nigeriyada müsəlman imzasına baş verənlərdən o qədər
də danışılmır.
Məktəb
yaşlı qızları girov götürərək Allah, daha doğrusu Şeytan bilir, hara aparan
«Boka-Haram» təşkilatı müsəlmanların xüsusi bir zümrəsinə aiddir. Bu qurumun
hədəfinin nə və kim, halal və ya haram olması bu anda bizi o qədər də
maraqlandırmadı. Biz uzaq Nigeriyaya ona görə baş çəkirik ki, burada eybəcər və
insanlıqdan, bəşərilikdən uzaq bir hadisə baş verib. Sanki venetkaya ironiya
kimi çəkdirilmiş bu şəkildəki qızcığazların əzab dolu baxışları bütün dünyanı
ittiham edir. Mən bilmirəm, onları girov götürən müsəlmanların da qibləsi
bizimlə bir səmtdədirmi? Mən bilmirəm, onları girov götürənlər, doğrudanmı
özlərini behiştə qeydiyyatda görürlərmi? Mən bilmirəm bu, «Boka-Haram»dakı
müsəlmanlar doğrudan müsəlmandır, yoxsa, onları müsəlmanların içinə dinsizlər
desant çıxarıb?! Bil-mi-rəm! Sadəcə onu bilirəm ki, Haram müsəlmanların azyaşlı
qızları girov götürməsi islamın imicinə böyük zərbə vurur. Quranı
yandıranlardan daha artıq zərbə! Qurani-Kərimi yandıranlar dinsizlər,
kafirlərdir, 12-13 yaşlı bu, körpə qızları girov götürənlər, biz müsəlmanları
dünyada biabır edənlər isə təəssüf ki, dindaşlarımızdır.
Mən bu
qurumun əsl İslama qulluq etməsinə şübhə edirəm. O əməl sahibləri bəlkə də
İslamı gözdən salmaq məqsədilə hansısa, xüsusi xidmət orqanlarına işləyirlər.
İslam təhsilə zidd deyil, əksinə o elm dalınca getməyi tövsiyə edir, o şəhid
qanı ilə alim mürəkkəbini bir tutur. Mirzə Cəlilin bir zamanlar Azərbaycanda
qamçıladığı cəhalət uzunqulağı indi Nigeriyada soncuqluyur. Hə, bu gün ortada
Nigeriya var və o başqa reallıqlar diqtə edir. Bu ölkədə baş verənlər indi
yalnız Nigeriyanın olduqca çətin məsələnin həlli qarşısında aciz qalmış
hakimiyyətindən başqa heç kəsi narahat etmir.
Müsəlman
dövlətləri Nigeriyanı Şeytanla baş-başa qoyub. Dünyanın müsəlman dövlətlərinin
saqqalının tükü belə tərpənmir. Niyə? Axı burada ölən də, öldürülən də müsəlmandır.
Məntiqlə bu ölkədə vuruşmalı olanlar elə müsəlmanlar olmalıdır. Onlar silaha
sarılmalı və Nigeriyada vəhşiliyin, cəhalətin qurbanı olan həmdinlərini qorumaq
üçün vuruşmalıdır! Maraqlı təzadlardan daha biri: niyə öz potensial şəhadətini
Suriya cənnətinə “eksport” edən iman və əqidə tacirləri Nigeriyaya
yollanmırlar?!. Çox istidir? Cəhənnəmdən də? Nə bilim, vallah! Şəriət
qanunlarının çamura batırıldığı, təhrif olunduğu Nigeriyada bəlkə din
sülhməramlılarına doğrudun əşəddü-ehtiyac var. Körpə balaları girov götürməyə
göz yuman və ya fətva verən şəriətin qaydaları ilə kim yaşamaq istər.
Kəfənindən əmmamə tikən üləmalar bəlkə bu bəyaz parçanı açıb başlarını havaya
versinlər bəlkə? Dunyanın aparıcı üləmaları haradadır? Və ya dünyanın aparıcı
müsəlman dövlətlərini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatına üzv olan
dövlətlər niyə toplaşmır? Məgər görünmür ki, İslam gözdən salınır?
Bütün
Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə görə, «Boka-Haram» təşkilatının İslam
adından həyata keçirdiyi əməllərin əslində İslamla heç bir əlaqəsi yoxdur.
«Dünya ona görə susur ki, artıq deməyə sözü yoxdr! Burada söz yox iş lazımdır!
Körpə qızları girov götürən, dinc adamları qətlə yetirən, insanları xof və
təhdid altında saxlayan bu adamların cəzasını Allah özü verəcək. Amma bu
dünyada haqq-ədalət mizanına iddia edənlərin də öz imkanları, qanunları və
hüquqları var, onlar gərək haqqın sözünü desinlər».
Şeyxdən
ötrü məsələnin daha bir maraqlı tərəfi «Boka-Haram»ın «Əl-Qaidə» kimi terror
təşkilatı elan edilməməsidir. Amma bundan az maraqlı olmayan bir detalı da
bilməyinizi istərdim: Nigeriyanın bir hissəsində müsəlmanlar yaşayır. Şimalda.
Belə olan halda niyə balaca bir ərazidə qayda-qanun yaratmaq çətinə düşüb.
Mirzə Cəlil Nigeriyalı deyil, burası düzdür, amma ölülərin də milləti olmur,
hamısı birdir. Cahil hər yerdə cahildir, istər Azərbaycanda, istərsə də
Nigeriyada. Diqqətlə baxaq. Bir halda ki, qaradan artıq rəng yoxdur. Və bir
daha düşünək: Bu zənci kim üçün çalınır.