- Əli müəllim, ABŞ-ın Azərbaycandakı
səfiri Riçard Morninqstar «Azadlıq» radiosuna müsahibəsində Azərbaycanda
demokratiyanın durumu, ölkənin daxili və xarici siyasəti ilə bağlı müəyyən
neqativ fikirlər səsləndirib. Bu fikirlərə münasibətinizi bilmək istərdik.
- «ABŞ ilə Azərbaycan arasında keçən
iyirmi ildə daim yaxşı münasibətlər olub. Bu gün də iki ölkə arasındakı
əlaqələr kifayət qədər sabitdir, bir sıra sahələr üzrə əməkdaşlığımız strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlir. Enerji təhlükəsizliyi, transmilli
nəqliyyat-kommunikasiya və dəhliz siyasəti, terrorizmlə mübarizə, beynəlxalq
sülhyaratma proseslərində birgə iştirak və s. ikitərəfli tərəfdaşlıq
əlaqələrimizin gündəliyində duran mühüm məsələlərdir. Biz beynəlxalq hüquq
normaları əsasında, ABŞ da daxil olmaqla bütün transmilli dünya ilə, dost və
tərəfdaş ölkələrlə qarşılıqlı etimad, faydalı və səmərəli əməkdaşlıq,
bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri çərçivəsində geniş
əməkdaşlıq edirik. Bir tərəfdaş kimi Azərbaycan daim öz üzərinə düşən
vəzifələri məsuliyyətlə yerinə yetirir, beynəlxalq öhdəliklərini axıra qədər icra
edir.
Bununla yanaşı, Azərbaycan həm də heç
kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən bir dövlətdir. Bizim ölkə
beynəlxalq münasibətlər sistemində öz yeri və rolu ilə seçilir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin on ildən artıqdır ki, həyata
keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, milli
maraqlarımızın təmin olunmasına, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə
xidmət edir. Hesab edirəm ki, nə ABŞ-ın, nə də başqa bir böyük dövlətin və ya
beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə, yaxud xarici siyasətinə hər
hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, «bu xalqa neçə
yaşamağı öyrətməsi» heç də yaxşı hal deyil. Düşünürəm ki, belə cəhdlərin
səmərəsi də olmayacaq.
Konkret olaraq cənab Riçard
Morninqstarın məlum müsahibəsinə gəldikdə, deyə bilərəm ki, onun fikirləri, nə
Azərbaycan-ABŞ əlaqələrinin bugünkü ruhuna uyğun deyil, nə də ki, «Diplomatik
əlaqələr haqqında» 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasının tələblərinə
cavab vermir. Konvensiyaya əsasən, xarici dövlətlərin diplomatları fəaliyyət
göstərdikləri ölkələrin qanunlarına və ictimai həyat normalarına hörmətlə
yanaşmalı, bu ölkənin daxili və xarici işlərinə qarışmamalıdır. Diplomatik
nümayəndəliyin əsas funksiyaları öz ölkəsi ilə fəaliyyət göstərdiyi dövlət
arasında dostluq münasibətlərini dəstəkləmək, xalqlar arasında ictimai,
iqtisadi, mədəni və s. əlaqələrin inkişafına yardım göstərməkdir. Təəssüf ki,
cənab R.Morninqstarın açıqlamalarında bu tələblər bir qədər pozulub.
- Səfirin qeyri-diplomatik və təəccüb
doğuran ritorikası ölkə mediasının da diqqətindən yayınmayıb. Onun bir sıra
iddiaları Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi xarakterizə olunur.
Bu barədə nə deyə bilərsiniz?
- Hesab edirəm ki, Azərbaycanın daxili
və xarici siyasət məsələlərini qeyri-obyektiv və qərəzli şərh etmək,
yolverilməz ritorikadan istifadə, müstəqil bir ölkənin hakimiyyəti daxilində
təsnifat aparmaq, öz dünyagörüşünü, ölkəsinin maraqlarını digər bir müstəqil
dövlətə qəbul etdirmək cəhdləri, əlbəttə ki, peşəkar diplomatiya nümunəsi
sayıla bilməz. R.Morninqstarın müsahibəsində irəli sürülən bir çox iddialar
erməni diasporunun təsiri altında neçə illərdir ki, öz anti-Azərbaycan mövqeyi
ilə ad çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv mülahizələri
xatırladır. Açıq söyləyim, bu paralellik bizi olduqca narahat edir və
düşündürür.
Bu gün dünyanın müxtəlif nöqtələrində
ABŞ və Qərbin yaxından iştirakı ilə elə hadisələr baş verir ki, təkcə biz yox,
bütün dünya bunların məntiqini başa düşməkdə çətinlik çəkir. İraq, Liviya,
Misir, Suriya, Ukrayna və bəzi digər ölkələrdə baş verən «Maydan» hərəkatları
müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bütün mütərəqqi
prinsiplərin üzərindən xətt çəkir. Müstəqil ölkələrdə zorla həyata keçirilən
qeyri-konstitusion hakimiyyət dəyişiklikləri və onun ağır nəticələri -
ictimai-siyasi sabitliyin pozulması, daxili qarşıdurma və vətəndaş
müharibəsinin qızışdırılması, iqtisadiyyatın çökdürülməsi, sosial fəlakətin
körüklənməsi və s. heç də cənab səfirin qələmə verdiyi kimi demokratik
dəyişiklik deyil, həmin xalqların faciəsidir. Əgər hansısa xarici dairələr
həmin hadisələrin Azərbaycanda da təkrarlanmasını istəyirlərsə, onların məyus
olacağına heç bir şübhə yoxdur.
O ki qaldı Azərbaycanda hakimiyyətin
qeyri-monolit olması fikrinə, düşünürəm ki, bu da cənab səfirin subyektiv
mülahizəsindən başqa bir şey deyil. Azərbaycanda hakimiyyət xalqın iradəsi
əsasında formalaşıb, kimin ona necə yanaşmasından asılı olmayaraq, Prezident
İlham Əliyevin rəhbərliyi ilə, vahid komanda halında ölkənin dinamik inkişafı,
milli maraqlarının qorunması, əhalinin sosial rifahının yüksəldilməsi və s.
istiqamətdə prinsipial, düşünülmüş siyasət yürüdülür. Azərbaycanın daxili və
xarici siyasəti hansısa dairələrin istək və arzularına uyğunlaşdırılmış formada
deyil, milli maraqlar nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan öz coğrafi
və geosiyasi mövqeyinə, xalqın milli maraqlarına və xüsusiyyətlərinə
əsaslanaraq, dünyanın müasir reallıqlarına cavab verən siyasəti, məxsusi
inkişaf yolu ilə seçilən bir dövlətdir. Bu ölkənin prinsipial, ardıcıl və
məqsədyönlü siyasəti bundan sonra da davam etdiriləcək.
- Müsahibədə o da qeyd edilir ki, əgər
hökumət Ukraynada baş verən hadisələrin Azərbaycanda baş verməsini istəmirsə,
insan haqları və demokratiya məsələlərinə diqqəti daha da artırmalıdır...
- Düşünürəm ki, yanlış postulatla heç
vaxt düzgün məntiqi nəticə hasil oluna bilməz. Birincisi, bəzi «hüquq
müdafıəçilərinin» iddiasının əksinə olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti
institutlarına, mətbuata və azad informasiya fəaliyyətinə heç bir təzyiq
yoxdur. Ölkədə yüzlərlə QHT, müstəqil media orqanı nəinki sərbəst fəaliyyət
göstərir, həm də dövlətdən bu iş üçün ayırdığı əsaslı yardımlardan
bəhrələnirlər. Azərbaycanda dünyanın çox ölkəsinin həsəd apara biləcəyi tam
azad internet mövcuddur. O ki, qaldı müvafiq dövlət orqanlarının bu
istiqamətdəki bəzi təşəbbüslərinə, qanunvericiliyin müddəalarının yerinə
yetirilməsi istiqamətindəki addımlarına, bu fəaliyyət, ilk növbədə elə
demokratiyanın tələbi hesab olunan ölkədaxili nizam-intizamın yaradılmasına,
şəffaflığın təmin edilməsinə xidmət göstərir. Hazırda hər bir demokratik
cəmiyyətdə olduğu kimi, Azərbaycanda da peşə mənsubiyyətindən, vəzifəsindən
asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Əgər hər hansı vətəndaş
qanunu pozubsa, cinayət törədibsə, onun məsuliyyətini də daşımağa hazır
olmalıdır.
İkincisi, bu gün bir çox Qərb
ölkələrində insanların sərbəst toplaşmaq azadlığına həm qanunvericilik, həm də
praktiki baxımdan məhdudiyyətlər tətbiq olunur, mitinq və etirazların qarşısı
zorakılıqla alınır. KİV əməkdaşlarına maneələr yaradılması, fəaliyyəti
hakimiyyətin maraqlarına cavab verməyən nəşrlərin çökdürülməsi, jurnalistlərin
diffamasiya hallarına görə həbs olunması, izlənməsi, müxtəlif texniki
vasitələrlə telefon danışıqlarının və internet yazışmalarının dinlənməsi,
internetin məhdudlaşdırılması və s. ilə bağlı yüzlərlə faktlar mövcuddur. Ancaq
biz bunu həmin ölkələrdə antidemokratik tendensiya kimi səciyyələndirmirik və
hesab edirik ki, ayrı-ayrı azsaylı halların ümumiləşdirilərək hər hansı
dövlətin siyasi xətti kimi qələmə verilməsi yanlış metodologiyadır. Əfsus ki,
biz bəzi Qərb dairələrindən Azərbaycana qarşı adekvat münasibət görmürük.
Üçüncüsü, hesab edirəm ki, Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişafına təmənnasız, heç bir başqa niyyət olmadan
yardım göstərmək istəyi və bununla daban-dabana zidd olan məqsədlyönlü
fəaliyyət arasında fərqi açıq göstərmək lazımdır. Azərbaycan demokratik
standartların geniş tətbiqi, insan hüquq və azadlıqlarının daha etibarlı
müdafiəsi, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi məqsədilə
Avropa Şurası, ATƏT, Avropa İttifaqı və s. bu kimi nüfuzlu beynəlxalq
qurumlarla yaxından əməkdaşlıq edir, birgə layihələr reallaşdırır. Təəssüf ki,
bəzi xarici dairələr Azərbaycanda siyasi partiyaları, qeyri-hökumət
təşkilatlarını və medianı ələ alır, qeyri-qanuni maliyyələşdirir, onları öz
iradəsinə uyğun və milli maraqlarımıza zidd istiqamətə yönəltməyə cəhd
göstərirlər. Konkret təlimatlar əsasında işləyən bu qurumların əsas missiyası
dövlətimizin beynəlxalq imicini ləkələnmək, onun haqqında mənfi rəy
formalaşdırmaq, qulluğunda durduqları xarici dairələrin anti-Azərbaycan
kampaniyasına əsas yaratmaq və dəstək verməkdir. Azərbaycan cəmiyyəti onların
kimliyi və fəaliyyəti haqqında kifayət qədər məlumatlıdır. Buna görə də
ictimaiyyətimiz bəzi xarici dairələrin bu qurumların donoslarına əsasən
hazırladıqları «hesabatları» və irəli sürdükləri subyektiv iddiaları heç vaxt
ciddi qəbul etməyib, etmir və gələcəkdə də etməyəcək.
Bu günlərdə «Sülh və Demokratiya
İnstitutu» adlanan qurumun fəaliyyəti haqqında mediada çoxsaylı materiallar
verildi. Aydın oldu ki, Qərbdəki bir sıra fondlar vasitəsilə qeydiyyatı olmayan
bu tipli təşkilatlara qeyri-qanuni yollarla milyonlarla vəsait ötürülür. Bu
vəsaitlər hansı məqsədlərə yönəldilir, necə xərclənir? Bizdə heç bir məlumat
yoxdur. Azərbaycan qanunları bu sahədə şəffaflığın təmin olunmasını tələb edir
və müvafiq orqanlar bu istiqamətdə addımlar atmağa başlayanda, beynəlxalq havadarlar
işə qoşulur, Azərbaycanda guya vətəndaş cəmiyyəti institutlarına təzyiqlər
göstərildiyini iddia etməyə başlayırlar.
Daha bir misal kimi 2013-cü ilin
martında ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Aleks
Qriqorevsin fəaliyyətini göstərmək olar. Bu qurum Azərbaycanda gənclərdən
ibarət radikal etirazçı qrupun formalaşdırılmasına, onun qeyri-qanuni
fəaliyyətinin təşkil edilməsinə külli miqdarda pul xərcləmişdi. Həmin vəsait
haqqında Azərbaycanın müvafiq dövlət orqanlarına heç bir məlumat verilməmiş və
bu günə kimi də bu məsələ qaranlıq olaraq qalır. Təbii ki, həmin gənclərin bir
qisminin evlərindən «Molotov kokteylləri» çıxanda hökumət ciddi tədbirlərə əl
atmaq məcburiyyəti qarşısında qaldı.
Bunun ardınca bəzi Qərb dairələrinin,
onların təsiri altında olan siyasiləşmiş hüquq-müdafiə təşkilatlarının isterik
bəyanatları özünü çox gözlətmədi. Süni və məqsədli şəkildə radikallaşdırılmış,
başıpozuq kütlədən, xüsusilə də gənclərdən istifadə etməklə, vətəndaş cəmiyyəti
institutlarının bayrağı altında müxtəlif ölkələrdə dəfələrlə sınaqdan
keçirilmiş belə fəaliyyət taktikası bizə məlumdur. Ukraynadakı «Maydan»
hərəkatı da bəzi beynəlxalq güclərin layihəsidir və onlar hazırda bu ölkədə baş
verənlərə - vətəndaş qarşıdurması, xaos və anarxiyaya, dövlətin parçalanmasına
görə birbaşa məsuliyyət daşıyırlar. Əgər həmin dairələr Azərbaycanda da analoji
proseslərin baş verməsini istəyirlərsə, bunun qarşısını almaq da bizim
vəzifəmiz və borcumuzdur. Azərbaycan iqtidarı dövlətin təhlükəsizliyini təhdid
edən istənilən addıma layiqli cavab verməyə hazırdır və heç bir isterik
bəyanat, çərçivəni aşan ritorika dövlətin iradəsini sarsıda bilməz.
- Səfir R.Morninqstar Azərbaycana qarşı
bəzi region ölkələrindən gələn təhlükələr barədə də danışıb. Həqiqətənmi belə
təhlükə mövcuddur? Yoxsa səfirin bu fikirləri başqa məqsədə hesablanıb?
- Ermənistan istisna olmaqla,
Azərbaycanın bütün region ölkələri ilə çox yaxşı dost və tərəfdaşlıq
münasibətləri mövcuddur. Bölgədə regional təhlükəsizliyi təhdid edən, açıq işğalçılıq
siyasəti yürüdən yeganə ölkə Ermənistandır. Təəssüf ki, ABŞ-ın Azərbaycandakı
səfiri bu real təhlükə barədə danışmır, əvəzində isə Azərbaycanın qonşuları ilə
bağlı müxtəlif şayiələr üçün əsas verir. Bu tendensiya yeni deyil, Qərb
rəsmiləri və mediası ayrı-ayrı vaxtlarda müxtəlif iddialar, əsassız
mülahizələr, məlumatlar vasitəsilə dəfələrlə Azərbaycanın regionun böyük
ölkələri ilə münasibətlərini pozmağa çalışıblar.
Bu gün də insanlar fikirləşir ki,
görəsən Azərbaycanın müstəqilliyinə qarşı hansı ciddi təhlükə mövcuddur ki, ABŞ
səfiri onun «müstəqilliyi və suverenliyi üçün səsini ucaltmaq» haqqında
danışır. Açıq etiraf etməliyik ki, İran-Azərbaycan münasibətlərində yaxın
vaxtlara kimi mövcud olmuş anlaşılmazlığın da başlıca səbəbi qəsdən mediaya
sızdırılmış müxtəlif səpkili dezinformasiyalar olmuşdur. Lakin bu ilin
aprelində Prezident İlham Əliyevin İrana səfəri zamanı bütün anlaşılmazlıqlar
aradan qaldırıldı və ikitərəfli əlaqələr özünün yeni inkişaf mərhələsinə qədəm
qoydu. Bu gün Azərbaycanın bütün region ölkələri ilə münasibətləri yüksək
səviyyədədir və bu tipli iddialar mövcud əməkdaşlığın ruhuna xələl gətirə
bilməz.
- Həm ATƏT-in Minsk qrupundakı amerikalı
həmsədr Ceyms Uorlik, həm də səfir R.Morninqstarın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikirləri də narahatlıq
doğurur. Ən azından ona görə ki, başqa analoji problemlərlə əlaqədar ABŞ bir
mövqe, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı isə fərqli münasibət ortaya qoyur.
Sizcə bunun səbəbi nədir?
- Azərbaycan Prezidenti İlham Əliyev bu
məsələyə dəfələrlə münasibət bildirib və mövcud ikili standartları şiddətlə
qınayıb. Həqiqətən də, postsovet məkanında digər oxşar münaqişələrlə əlaqədar
ABŞ birmənalı şəkildə işğal faktını qınayır, beynəlxalq hüquqdan, ərazi bütövlüyü
prinsipindən danışır. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi
bütövlüyü ilə yanaşı, dərhal həm də «xalqların öz müqəddəratını təyin etməsi»
prinsipi yada düşür.
Nə cənab C.Uorlik, nə də səfir
R.Morninqstar Azərbaycanın 1992-ci ildə BMT və ATƏT tərəfindən təsdiq edilmiş
ərazi bütövlüyündən birbaşa danışmır, yalnız işğal olunmuş 7 rayonun geri
qaytarılmasından bəhs edirlər. Dağlıq Qarabağın gələcək statusunun beynəlxalq
hüquqa uyğun deyil, yalnız danışıqlar vasitəsilə müəyyənləşdirilməsi təlqin
olunur. Sual doğur, niyə? Məgər ABŞ Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab
etmirmi? Bəs onda 20 ildir bu ölkənin ən yüksək səviyyəli rəsmilərinin «ABŞ
Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir» tipli bəyanatlarını necə
anlamaq olar? Bu ziddiyyətin səbəbi nədir?
Necə olur ki, digər hallarda beynəlxalq
birlik təcavüz və işğal faktlarını pisləyir, tələb irəli sürür, iqtisadi
sanksiyalar tətbiq edir, lazım gələndə güc faktorunu işə salır, amma Dağlıq
Qarabağ və Ermənistan məsələsində deyirlər ki, tərəflər razılığa gəlsinlər,
beynəlxalq birlik isə bunu dəstəkləyəcək. İşğalçı ilə işğalın qurbanı
beynəlxalq hüquq əsasında hansı razılığa və necə gələ bilərlər?! Yaxşı olardı
ki, həm cənab Uorlik, həm də səfir Morninqstar başqa məsələlərdən də
danışardılar. Məsələn, nəyə görə ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə
və işğalçı Ermənistana yüz milyonlarla dollar yardım ayırır? ABŞ-ın indiyə
qədər bu işğalçı dövlətə və separatçı rejimə ayırdığı təxminən iki milyard
dollar vəsait hara xərclənib? Nəyə görə bu qondarma rejimin ABŞ-da
nümayəndəliyi var? Nəyə görə terrorçu rejimin başçılarının ildə bir neçə dəfə
Amerikada marafon keçirməsinə və milyonlarla dollar pul yığılmasına şərait
yaradılır? Bu günə qədər ATƏT MQ-nin həmsədri kimi ABŞ münaqişənin həlli
istiqamətində hansı real addımlar atıb?
İndiyə kimi bu sualların heç birinə
aydın və qənaətbəxş cavab verilməyib. Azərbaycan cəmiyyəti eyni sözlərdən,
ikili standartlardan bezib və artıq bu bəyanat müəlliflərinin səmimiyyətinə
inanmır. Azərbaycan ictimaiyyətində artıq belə bir rəy formalaşıb ki, ABŞ-da
dövləti idarə edən və ya hakimiyyətə iddialı olan siyasi qurumlar daha çox
növbəti seçkilər haqqında düşünürlər və buna görə də öz ölkələrinin strateji
maraqlarını erməni lobbisinin mənafelərinə qurban verirlər.
- Əli müəllim, səfirin açıqlaması
ABŞ-Azərbaycan əlaqələrinə mənfi təsir göstərə bilərmi?
- ABŞ ilə Azərbaycanın strateji maraqları, ölkələrimiz və xalqlarımız arasında formalaşmış dostluq münasibətləri tərəfdaşlığın qorunub saxlanmasını və daha da inkişaf etdirilməsini tələb edir. Bu isə qarşılıqlı etimad, səmimi davranış mühiti olduqda, bir-birinin daxili işlərinə müdaxilə kimi lazımsız addımlardan imtina edildikdə, ikitərəfli əlaqələrin inkişafına real töhfələr verildiyi təqdirdə mümkündür. Azərbaycan özünün xarici siyasətində, bütün dost ölkələrlə münasibətlərində bu prinsipləri başlıca meyar hesab edir və tərəfdaşlarından da adekvat münasibət gözləyir. Hesab edirik ki, cənab R.Morninqstar daxil olmaqla bütün ABŞ rəsmiləri bu reallıqları nəzərə almalı və qeyri-obyektiv, əsassız iddialardan, ikitərəfli münasibətlərin ruhuna zidd ritorikadan çəkinməlidirlər.