CDU-nun federal xarici işlər naziri Yohann Vadeful Yaxın Şərqə səfəri zamanı İsrailin İrana hava zərbələri endirdiyini öyrənib. Qahirədə o, bütün tərəfləri diplomatik həll yolları tapmağa çağırıb: “Bu eskalasiyada heç kimin marağı yoxdur”.
“İsrailin özünü müdafiə etmək hüququ var”, – deyən Vadeful, İranın nüvə proqramının “bütün region və xüsusilə də İsrail üçün təhlükə yaratdığını” iddia edib.
***
Kansler Merz iyunun 13-də səhər tezdən təhlükəsizlik kabinetini toplayıb. Böhran qrupu bölgədəki almanların vəziyyətini müzakirə etmək üçün Xarici İşlər Nazirliyində bir araya gəlib.
Merz bəyan edib ki, Almaniya münaqişə tərəflərinə təsir göstərmək üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə hazırdır. Berlin prosesi öz tərəfdaşları, xüsusən də Fransa, Böyük Britaniya və ABŞ ilə sıx koordinasiyada idarə edir. Günorta o, hətta Fransa prezidenti Emmanuel Makron və İngiltərənin baş naziri Keir Starmer ilə üçtərəfli görüş keçirib.
Kansler bir daha qeyd edib ki, “İsrail öz varlığını və vətəndaşlarının təhlükəsizliyini müdafiə etmək hüququna malikdir”. İranın nüvə proqramına gəlincə, o, “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin müddəalarını pozur və bütün region, xüsusilə də İsrail dövləti üçün ciddi təhlükə yaradır” deyib.
Merzin sözlərinə görə, təhlükəsizlik kabineti bölgədəki İsrail, İran və Almaniya vətəndaşlarını qorumaq üçün bütün lazımi tədbirləri görməyə qərar verib. Xarici İşlər Nazirliyi bölgədəki almanları yerli təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.