İndi İranın parçalanması ehtimalı son dərəcə yüksəkdir. Türkiyə və Azərbaycan buna hazır olmalıdır. Sirr deyil ki, Qərb Pəhləvi rejiminin iqtidara dönməsini istəyir. Bu, bizim maraqlarımıza ziddir. Mütləq İranda şahlıq institutu olmalıdırsa, bu kürsüyə Qacarlar sülaləsini gətirmək üçün əlimizdən gələni etməliyik.
İranın demokratik bir yapıya sahib olması da bizim maraqlarımıza uyğundur. Niyə? Çünki İranın türk nüfuzu istənilən seçkidə türk kimliyinə söykənən namizədlərin iqtidar olmasını təmin edə bilər.
İranın gələcəyi qeyri-müəyyəndir. Müəyyən olan odur ki, İran bu müharibəni biabırçı şəkildə uduzub. İranın yenidən özünə gəlməsi, molla rejiminin iqtidarda qalması mümkünsüz görünür. İstənilən halda Türkiyə və Azərbaycan İran məsələsində eyni mövqedən çıxış etməlidir. Ancaq bu məsələdə ciddi bir problem var. Türkiyə İranın parçalanmasını qəti istəmir. Niyə? Çünki İran ərazisində növbəti kürd dövləti yarana bilər. Bu isə Türkiyəyə lazım deyil. Azərbaycan isə İranın parçalanmasını məqbul sayır. Niyə? Çünki İranda böyük bir türk nüfuzu var. O nüfuzun İrandan ayrılması və ya o nüfuzun İranda iqtidara gəlməsi Azərbaycanın gücünə güc qatacaq. Təsadüfi deyil ki, erməni politoloqlar deyir ki, Azərbaycan birləşsə, Ermənistan ayaq altında qalacaq.
İran parçalansa, Türkiyə də Azərbaycana dəstək vermək zorunda qalacaq. Çünki Türkiyənin iqtisadi, siyasi, hərbi maraqları bunu tələb edəcək...
Orası da vardı ki, İran SEPAH tərəfindən Azərbaycanın konstitusiya quruluşunu hədəf alan, ölkə daxilində çaxnaşma, sui-qəsd hazırlanması üçün yaradılan "Huseyniyyun" təşkilatı ölkəmizi təhdid edirdi. Azərbaycanda İran rejiminin oxşarını yaratmaq, hətta Azərbaycanı İrana birləşdirmək kimi iddialar vardı.
Bu yaxınlara qədər İran İraq, Livan, Suriya, Yəmən, Fələstin kimi ölkələrdə dominantlıq edirdi. İran molları bu barədə dəfələrlə və fəxrlə danışıblar. Onlar Azərbaycanı da bu sıraya daxil etmək üçün min oyundan çıxrdılar. Təbii ki, Türkiyə və İsrail olmasaydı, onlar buna nail ola da bilərdilər...
Bir şeyi də deyim. Hörmətli Cəmil Həsənli deyir: “Israilin Iranı vurmasi terrorizmdir”. Sayın professor gərək belə şeylər deməsin. Niyə? 160 Azərbaycanı üst-üstə yığsaq bir Hindistan etmir. O boyda Hindistan, İranda ciddi maraqlarının olmasına baxmayaraq, İsrailə bağlı ehtiyatlı ifadələr işlədir. Niyə? Çünki Hindistan İsrailin hərbi texnologiyasını alan əsas müştəridir. Azərbaycan isə İsrail ilə daha yaxındır. Ölkəmizə barmaq silkələyən, bizi təhdid altına saxlayan, bizim düşmənimizi bağrına basan İrana görə biz İsrail ilə üz-göz ola bilmərik. Bu, axmaqlıq olardı və Qərbin Azərbaycana münasibətində kəskin dönüş yaradardı. Bu isə bizə lazım deyil...
Azərbaycan balaca ölkədir. Dünyaya ədalət gətirmək bizim missiyamız sayıla bilməz. Azərbaycanın görə biləcəyi ən böyük iş odur ki, özünü qorusun, güclənsin, zamanı gələndə Güneydəki soydaşlarımıza arxa-dayaq dursun. Sonrasına da baxarıq...