Vaxt.Az

İsrail “Dəmir şüa”nı işə saldı


 

Tel-Əviv yeni lazer sistemi silahını real müharibədə sınaqdan keçirir

İsrail “Dəmir şüa”nı işə saldı İran raketlərinin çoxluğu səbəbindən “Dəmir Qübbə” qalxanı ölkənin müdafiəsinə kifayət etmir. Bu səbəbdən İsrail ordusu İranın raket və pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün yeni texnologiyası “Dəmir şüa” lazer sistemini işə salır.

İsrail mətbuatında yer alan xəbərlərə görə, ordu mayın 28-də “Hizbullah”a qarşı “Dəmir Şüa” lazer sistemindən istifadə etdiyini bildirmiş, ancaq sistemin adını açıqlamamışdı.

Rusiyanın TASS xəbər agentliyi də İsrailin Moskvadakı səfirliyinə əsaslanaraq oxşar məlumat yayıb. Buna uyğun olaraq, İsrail İran raketləri və PUA-larının qarşısını almaq üçün “Iron Beam” lazer sistemindən sınaq rejimində istifadə etməyə başlayıb.

Sözügedən sistemin ilk dəfə İranla münaqişədə döyüş şəraitində istifadə olunduğu da vurğulanıb.

***

İsrail mətbuatının yazdığına görə, “Dəmir şüa” dünyada ən təkmil və işlək lazer sistemi hesab olunur. Onu İsrailin müdafiə texnologiyaları şirkəti “Rafael” istehsal edir.

10 kilometrə qədər uçuş məsafəsi olan sistem qısa mənzilli raketləri, artilleriya və minaatan bombalarını məhv etmək üçün nəzərdə tutulub. Yeni silah İsrailin həyat sığortası kimi göstərilən “Dəmir Qübbə”ni tamamlayır.

Qeyri-məhdud sayda atış edə bilən “Dəmir Şüa”nın daha az xərc tələb etdiyi bildirilir. Müvafiq olaraq, adi müdafiə sisteminin qiyməti 100-150 min dollara çata bildiyi halda, lazerin atılmasının qiyməti 2 min dollar civarındadır.

Daha az işçi qüvvəsinə ehtiyac da sistemin üstünlüyü kimi göstərilir.

***

“Dəmir Şüa” sistemi hədəfə çatmazdan əvvəl atmosferdən keçməlidir.

Bu səbəbdən bulud, duman və ya yağış kimi hava şəraitinin sistemin fəaliyyətini əhəmiyyətli dərəcədə azalda və ya qarşısını ala biləcəyi ifadə edilir. Bu da sistemin mənfi cəhəti kimi göstərilir.

İsrail hazırda operativ lazer müdafiə sisteminə malik yeganə ölkədir.

“Dəmir şüa”nın bu il İsrailin hava hücumundan müdafiə sisteminin daimi komponentinə çevriləcəyi gözlənilir.

 





17.06.2025    çap et  çap et