Vaxt.Az

“Tehranı tərk edin!”


 

İsrail İranın ali dini lideri Əli Xamneyiyə sui-qəsd ehtimalını istisna etmir

“Tehranı tərk edin!” İsrailin müdafiə naziri İsrael Katz çərşənbə axşamı Tehran sakinlərini dərhal şəhəri tərk etməyə çağırıb. Bu çağırış ABŞ prezidenti Donald Trampın bir sıra təhdid mesajlarından sonra edilib.

İsrail və İran arasında toqquşmalar beşinci günə daxil olduğu üçün gərginlik səngimək əvəzinə daha da artıb. İsrail hücumlarını artırdıqca, Vaşinqtonun münaqişəyə birbaşa qarışa biləcəyi ilə bağlı narahatlıqlar artır.

Tramp çərşənbə axşamı deyib: “Mən danışıqlara hazır deyiləm. Biz atəşkəsdən daha yaxşısını hədəfləyirik”.

ABŞ prezidenti ötən gecə daha sərt nota vermişdi. Tramp Tehran sakinlərini dərhal şəhəri tərk etməyə çağırıb. Bəyanat, İsrail qüvvələrinin paytaxtın şimal-şərqindəki bəzi bölgələrin sakinlərini “hərbi infrastruktura” planlaşdırılan hücumlardan əvvəl təxliyə etmələri barədə xəbərdar etməsindən dərhal sonra verilib.

Tramp “Truth Social” sosial şəbəkəsində “İran söylədiyim müqaviləni imzalamalı idi. O zaman nə bu vəziyyət, nə də insan itkisi baş verəcəkdi. Sadə dillə desək: İranın nüvə silahı ola bilməz! Mən bunu dəfələrlə demişəm! Artıq İsrail hərbi və nüvə obyektlərini hədəf alır. Hamı Tehranı dərhal tərk etməlidir!”, – sözlərini yazıb.

Tramp çərşənbə axşamı həmin mesajı təkrar edərək, “İranın nüvə silahına malik ola bilməz” deyərək, atəşkəs tələbi ilə Tehranla əlaqə saxladığına dair xəbərləri təkzib edib.

“Əgər danışmaq istəsələr, mənimlə necə əlaqə quracaqlarını bilirlər. Əgər masanın üstündəki sövdələşməni qəbul etsəydilər, çoxlarının həyatını xilas etmiş olardılar”, – deyib.

Hədələyici mesajlar Tramp dünən səhər tezdən G7 sammitini tərk etdikdən sonra gəldi. Tramp deyib ki, onun getməsi atəşkəs cəhdi ilə bağlı deyil, “daha ​​böyük” bir səbəb olub.

Münaqişənin şiddətləndiyini göstərən başqa bir əlamət olaraq, İsrailin baş naziri Binyamin Netanyahu dünən “ABC News”a verdiyi müsahibədə İranın ali lideri Əli Xameneyini hədəfə ala biləcəklərini söylədi. Netanyahu iddia edib ki, Xameneyinin öldürülməsi münaqişəni qızışdırmayacaq, əksinə, sona çatdıracaq.

Netanyahu, “İsrail olaraq üzərimizə düşəni edirik”, – deyib.

İsrailin müdafiə naziri Katz daha da irəli gedərək bildirib ki, Xameneyi də Səddam Hüseynlə eyni sonla üzləşə bilər. Katz, “İran diktatoruna xəbərdarlıq edirəm ki, müharibə cinayətləri törətməyə və İsrail vətəndaşlarına raket atmağa davam etməsin”.

Katz həmçinin bildirib ki, İsrail Tehrandakı rejim və hərbi obyektlərə zərbələr endirməyə davam edəcək. “Dünən təbliğat və təhrik vasitələrinə zərbə vurduğumuz kimi, bu hücumlar da davam edəcək. Tehran və ətraf rayonların sakinləri dərhal bölgəni tərk etməlidirlər”, – deyib.

Digər tərəfdən, Avropa Birliyinin (AB) Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallas, AB-nin vətəndaşlarını təxliyə etmək üçün qoruma mexanizmini işə saldığını açıqlayıb. Kallas, 27 xarici işlər nazirinin video konfrans vasitəsilə görüşdüyünü və bəzi üzv dövlətlərin təxliyə uçuşlarına başladığını, digərlərinin isə koordinasiya etdiyini söylədi.

İsrail Tehran səmasında nəzarəti ələ aldığını iddia edərək, daha çox raket hücumları olacağı təqdirdə “Tehran yanacaq!” sözləri ilə hədələyib. İran isə öz növbəsində daha ​​güclü və sərt cavab vəd edib və müharibəni İsrailin müttəfiqlərinə yaymaq təhlükəsini təzələyib.

 





17.06.2025    çap et  çap et