Ekspert «Qafqazinfo»ya açıqlamasında deyib ki, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi onların attestasiya məsələsinin ilkin mərhələsidir: «SSRİ dönəmində hər beş ildən bir müəllimlərin attestasiyası keçirilirdi. Müstəqillik əldə edəndən sonra bu məsələ bir növ unuduldu. Nəhayət 1999-cu ildə bu məsələyə diqqət ayrıldı. Ancaq nəticəsi olmadı.
Müəllimlərin stimullaşdırılması, onların əmək haqlarına diferensial yanaşılması məsələsi var. Çünki bütün müəllimlər eyni əmək haqqı ala bilməz. Müəllimlər attestasiyadan keçəcək. Ondan sonra onlara dərəcələr veriləcək və buna görə də maaşlar müəyyənləşdiriləcək».
N. İsrafilov bildirib ki, Təhsil Nazirliyinin yeni komandası bu məsələyə ciddi yanaşır: «Hazırda müəllimlərin sayı 170 mindən çoxdur. Attestasiya məsələsi də nisbətən unudulduğu üçün, bu böyük kampaniyanı bir dəfəlik etmək mümkün deyil. Ona görə də hələlik Bakı şəhərində Təhsil İdarəsinə tapşırılıb ki, sınaqlar keçirilsin və sınaq əsasında təcrübə olunsun, müəyyən təkliflər verilsin».