Morninqstar əvvəllər öz mövqeyini belə
izah edirdi: «Mən bilirəm ki, əksəriyyət mənimlə razılaşmaya bilər. Lakin mən,
özümün inandığım kimi öz siyasətimiz haqqında danışa bilərəm. Azərbaycanın
həqiqi dostları kimi biz əlaqələrimizi möhkəmləndirmək istəyirik».
Amma bu bəyanatına baxmayaraq, o,
Azərbaycanı «Maydan»ın təkrarlanması ilə hədələməkdən belə çəkinməyib. «Əgər
hökumət vətəndaş cəmiyyətinə qarşı daha sərt siyasət aparmağa başlasa,
«Maydan»dakı hadisələr Bakıda da təkrarlana bilər. İndi də olmasa, 5-10 il
sonra. Əgər vətəndaş cəmiyyətinin imkanları daha da məhdudlaşdırılarsa, onda bu
hadisələrin təkrarlanma riski də artar», - deyə Morninqstar bildirib.
Səfir həmçinin deyib ki, hökumət
tərkibinə görə, monolit və oxşar deyil və orada Azərbaycan-Amerika əlaqələrini
pozmaq istəyən, Qərb təşkilatlarının fəaliyyətinə problemlər yaradan qüvvələr
var. Səfir eyni zamanda hökumətdə xeyrli sayda «Qərb tərəfdarları» qrupunun olduğunu
da bildirib.
Rəsmi Bakının bu məsələyə cavabı da
özünü çox gözlətmədi və Prezident Administrasiyası rəhbərinin müavini, xarici
əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan etdi ki, ABŞ səfiri Riçard
Morninqstarın bəyanatları Azərbaycan üçün qəbuledilməzdir: «Bu, Vyana
konvensiyasının tələblərinin pozulmasıdır. Müsahibənin tonu düz deyil. Səfir öz
sözünü deyə bilər, amma bizə dərs keçə bilməz. Azərbaycan müstəqil siyasət
yürüdən dövlətdir. Biz ABŞ səfirinin müsahibəsində bu tonunu qəbul etmirik».
Səfirin Ukrayna hadisələrinin
Azərbaycanda təkrarlanması ilə bağlı söylədiyi fikirləri şərh edərkən
N.Məmmədov bildirib: «Ukraynada meydan hadisələrini yaradan məhz ABŞ-ın özüdür.
Bunu dünya mediası da dəfələrlə bəyan edib. «Molotov kokteyli»nin istifadəsinə
də ABŞ dəfələrlə dəstək verir. Bu, qəbuledilməzdir».
PA-nın şöbə müdiri ABŞ-ı Azərbaycanın
daxili işlərinə qarışmamağa və Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxından
kömək etməyə çağırıb: «İndiyədək ABŞ Dağlıq Qarabağ münaqişənin həllinə heç bir
kömək göstərə bilməyib. Amma Qarabağda separatçılara 2 milyardlıq yardım edib.
Biz bunu bilirik».
Səfirin korrupsiya ilə bağlı
ittihamlarına toxunan N.Məmmədov deyib: «Heç bir dövlət ideal deyil. Eləcə də
ABŞ. Azərbaycanda korrupsiyanın əsasını Rəsul Quliyev qoyub. Ancaq bu gün Rəsul
Quliyev ABŞ-da yaşayır və himayə olunur».
Həqiqətən də 1953-cü ildən etibarən ABŞ
ən azı 80 dəfə xarici ölkələrdə uğurlu və ya uğursuz çevrilişlər edib. Hər şey
prezident Eyzenhauerin İran nümunəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) öz
xalqının gələcəyini Qərbin iqtisadi və geosiyasi maraqlarına qurban verməkdən
imtina edən qanuni hökuməti devirə bilməsini gördükdən sonra başladı. Amerika
çevrilişlərinin əksəriyyəti amansız repressiyalar, insan oğurluqları, məhkəmə
və istintaq işləri aparılmadan edamlara, işgəncələrə, korrupsiyaya, qorxunc
yoxsulluğa və bərabərsizliyə, həmçinin, belə çevrilişlərdən zərərçəkən
ölkələrin demokratik yoldan dönməsinə səbəb olub.
ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn
plutokratiya və ultrakonservativ xarakterli qüvvələr də istisna deyil. ABŞ
1991-ci ildən, yəni ölkə müstəqillik əldə etdikdən bəri Ukraynadadır. Onlar
qərbyönlü partiya və namizədləri irəli çəkirdilər və 2004-cü ildə bu, Ukraynada
«Narıncı inqilabla» nəticələndi. Lakin Qərb hökuməti tərəfindən dəstəklənən
Viktor Yuşşenko ilə Yuliya Timoşenko hökuməti həm özlərindən əvvəlki, həm də
2010-cu ildə prezident seçilən Viktor Yanukoviç hakimiyyəti kimi
korrupsiyalaşmış və qeyri-populyar oldu. ABŞ ənənəvi üsul və metodlarından
istifadə etdi və 2014-cü ildə bu, çevrilişlə nəticələndi. Demokratiyanın
dəstəklənməsi üzrə Amerika Milli fondu (National Endowment for Democracy)
müxalif namizədlər, partiya və siyasi hərəkatların hazırlanması üzrə MKİ-nin
funksiyalarını öz üzərinə götürüb. İllik 100 milyon büdcəsi olan fond bu
pulları bütün dünyada xərcləyir.
Fond Ukraynanın onun üçün ən ali
prioritet olduğunu gizlətməyib. Çünki bu ölkədə 65 layihəni maliyyələşdirib.
Bu, digər ölkələrdən daha çoxdur. Fondun neokonservativ prezidenti Karl Herşman
2013-cü ilin sentyabr ayında «Washington Post»da dərc olunan məqaləsində
Ukraynada aparılan Amerika əməliyyatının növbəti mərhələyə daxil olduğu zaman
bu ölkəni «əsas mükafat» adlandırıb. Müxalifət qüvvələrinin yaradılması və
onların aktiv hərəkətlərə hazırlanması, həmçinin küçələrdə zorakılığın
genişləndirilməsi fövqəladə vəziyyətin yaradılması və xalq tərəfindən seçilə
hökumətin hakimiyyətdən kənarlaşdırılmasında bəhanə kimi istifadə olunacaq
məqsədyönlü strategiyadır.
MKİ kuratorları çevriliş liderlərini
hazırladıqları zaman Amerika rəhbərləri öz planlarını işə saldılar və küçələrdə
zorakılıq başlandı. Qanun və qaydalar tamamilə məhv edildi, dövlət müəssisələri
fəaliyyətini dayandırdı və hökuməti hakimiyyətdən kənarlaşdırmaq və onların
yerinə çevriliş liderlərini qoymaq üçün yalnız lazımı anda həlledici zərbəni
vurmaq qalırdı. İran küçələrində yüzlərlə insanın ölməsi ilə qarşılaşan
Məhəmməd Müsəddiq qan tökülməsinin qarşısını almaq məqsədilə istefaya getdi.
Çilidə general Pinoçet prezident sarayına aviazərbələr endirdi. 2004-cü ildə
prezident Aristidanı hakimiyyətdən kənarlaşdırmaq və ölkəni işğal etmək
məqsədilə ABŞ hərbçiləri Haitiyə göndərildi.
Ukraynada ABŞ çevrilişinin digər
ölkələrdəki çevrilişlərdən əsas fərqi burada Ukrayna ordusunun minimum rol
oyanmasıdır. 1953-cü ildən sonra amerikalılar tərəfindən həyata keçirilən
çevrilişlərin əksəriyyətində seçilən rəhbərin hakimiyyətdən kənarlaşdırılması
üçün son zərbəni vurmaq yüksəkrütbəli hərbi zabitlərdən istifadə olunub.
Mükafat kimi onlara Amerika dəstəyindən istifadə edən yeni rejimlərdə prezident
vəzifələri, diktator səlahiyyətləri və başqa yüksək postlar verilirdi.
Amerika ordusu hərbçilər arasında
münasibət və əlaqələri inkişaf etdirir, gələcək çevrilişlərin liderlərinə təsir
edir və onu hazırlayır. Prezident Obamanın Amerika xüsusi təyinatlı dəstəsinin
fəaliyyətinin 134 ölkəyə yayması faktı bu prosesin nəinki azaldığını, əksinə,
davam etdiyini və hətta gücləndiyini göstərir.
Azərbaycana gəldikdə isə, rəsmi
Vaşinqton burada da bu ssenaridən istifadə etməyə cəhd edib, lakin hər dəfə
onun planı iflasa uğrayıb. Ölkənin hazırkı prezidenti İlham Əliyev müstəqil
Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən əsası qoyulan kursu
müvəffəqiyyətlə davam edir və xalq bu siyasətdən razıdır.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sözlərini xatırlamaq yerinə düşər. O, bildirib ki, Azərbaycan bizim Ukraynada hazırda gördüyümüz qeyri-sabit mərhələdən artıq 1990-cı illərin əvvəlində keçib. Dünyanın heç bir ölkəsi Azərbaycan xalqını xaos və inqilablar zamanına geri qaytara bilməz. Çünki bizim xalqımız o dövrün dəhşətlərini görüb və indiki sabitliyi və inkişafı dəyərləndirir.