Vaxt.Az

Yerdən ötdü Aya dəydi


 

Nəhəng asteroid planetimizin təbii peykinə çırpıla bilər

Yerdən ötdü Aya dəydi Alimlər "2024 YR4" adlı nəhəng asteroidin Yerlə toqquşma ehtimalının aradan qalxdığını elan etdikdən sonra dərindən nəfəs alıblar. Ancaq indi gözlər başqa bir hədəfə, Aya çevrilib. NASA mütəxəssislərinin “James Webb” Kosmik Teleskopundan əldə etdiyi yeni məlumatlar asteroidin orbitini daha dəqiq üzə çıxarıb. Nəticələr qorxuludur.

Alimlər "2024 YR4" adlı meteoritin 22 dekabr 2032-ci ildə Aya düşmə ehtimalını 4,3 faiz hesablayıblar. Əvvəllər bu nisbət 1,7 faizdən 3,8 faizə yüksəlmişdi. İndi ehtimal bir daha artıb. NASA-nın məlumatına görə, bu zərbə baş verərsə, Ayın səthində diametri təxminən 1200 metr olan krater yaranacaq.

Mütəxəssislər bildirirlər ki, mümkün təsir Ayın Yerə təsirini dəyişməyəcək. Xüsusilə qabarma kimi təbii hadisələr baxımından heç bir böyük dəyişiklik gözlənilmir. Ayın orbitində sapma ehtimalı çox aşağı hesab olunur.

Beynəlxalq astronomiya ictimaiyyəti hazırda Yerdən müşahidə olunmayan asteroidin orbitini 2028-ci ilə qədər izləməyə davam edəcək. Bu tarixdən sonra "2024 YR4" teleskoplarla yenidən görünəcək və zərbə ehtimalı ilə bağlı qəti nəticələr əldə edilə bilər.

İlin əvvəlində asteroidin 2032-ci ildə, Milad bayramına az qalmış Yer kürəsinin cənub yarımkürəsinə dəyməsi ehtimalının 3 faizdən çox olmasından danışılırdı. Belə bir təsirin nəticələrinin fəlakətli olacağı bildirilib. İndi təhlükə yalnız Aya aiddir.

Ay keçmişdə bir çox asteroid zərbələrinə məruz qalsa da, ilk dəfədir ki, bu qədər böyük zərbə “canlı” şəkildə görülə bilər. Hava aydın olarsa, hadisəni durbinlə belə müşahidə etmək olar.

 





17.06.2025    çap et  çap et