Rza Pəhləvi verdiyi müsahibələrdə açıq şəkildə monarxiyanı bərpa etmək məqsədindən danışmasa da, bəzi tərəfdarları onu gələcək İranın “konstitusiyalı kralı” kimi görmək istəyir. 1979-cu il inqilabından sonra Pəhləvilərin üz tutduğu Qərb ölkələrində fəaliyyət göstərir və çıxışlarını ingilis dilində edir. Qərbin İrana qarşı strategiyasında “rejim dəyişikliyi” ilə bağlı fərqli ssenarilər müzakirə olunur və Rza Pəhləvi özünü potensial “alternativ lider” kimi təqdim etməyə çalışır.
Lakin burada önəmli məqam İran xalqının Pəhləvilərə münasibətidir. Bu ssenari real baxımdan gerçəkləşməsi olduqca çətin olan ssenaridir, çünki İran xalqı üçün monarxiya dövrü, yumşaq desək, xoş xatirələrlə yadda qalmayıb. İran daxilində onun nüfuzu məhduddur. Xüsusən də gənc nəsil onun haqqında çox az bilgi sahibidir və Şah dövrünün repressiyaları haqda kollektiv yaddaş hələ də canlıdır. Bəzi dairələrdə nostalji olsa da, bu, geniş xalq dəstəyinə çevrilmir. Onun sabit və kütləvi şəkildə təşkilatlanmış bir hərəkatı yoxdur. Sosial mediada tanınsa da, yerli səviyyədə aktiv bir struktura və dəstəyə malik deyil.
ABŞ və Avropa isə onu bir “müxalifətin səsi” kimi dinləsə də, ciddi siyasi alternativ kimi dəstəklədikləri inandırıcı deyil. İndiki proseslər fonunda Qərbin İranda rejim dəyişikliyi üçün aktiv addım atması da real görünmür. Bu yalnız daxildən gedən proseslərlə ola bilər ki, burada da Pəhləvilərin dəstəyi yoxdur. İranın daxili mübarizələri çoxşaxəlidir: mühafizəkarlar, reformistlər, islahatçılar, sol, millətçi və islamçı qüvvələr, türk, kürd, ərəblər kimi etnik hərəkatlar var. Rza Pəhləvin bu palitrada vahidləşdirici sima olması çox çətindir.
Bu mənada Rza Pəhləvinin taxtı geri alması və ya xalqın geniş dəstəyini qazanaraq ölkə rəhbərliyinə gəlməsi real deyil. Amma İran daxilində rejim böhranı dərinləşərsə və liderlik vakuumu yaranarsa, o zaman onun rolu, Qərbin də dəstəyi ilə yeni formada aktuallaşa bilər — lakin bu, yenə də əsasən İran xalqının öz seçimi və daxili siyasi güc balansından asılı olacaq.