Vaxt.Az

Polşa Rusiya ilə sərhədə mina “əkir”


 

“Şərq qalxanı” müdafiə xəttindəki yeni dəhliz “güc nümayişi”dir

Polşa Rusiya ilə sərhədə mina “əkir” Ukraynadakı müharibə səbəbindən Rusiyadan təhdidlərin artdığı bir vaxtda Polşa sərhədlərinin möhkəmləndirilməsi işini sürətləndirir.

Varşava administrasiyası ötən ilin noyabrında tikintisinə başlanan “Şərq qalxanı” müdafiə xətti layihəsinə yeni mina sahələrinin əlavə edildiyini açıqlayıb. Layihə həftənin yeddi günü fasiləsiz davam edir.

Bu müdafiə xətti Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəd olan Polşanın şimal sərhədi boyunca 20 kilometrdən çox ərazini əhatə edir və Baltik dənizinə qədər uzanır.

Polşa ordusunun sözçüsü Karol Frankovski bildirib ki, bu yeni dəhliz “güc nümayişi”dir.

"Biz sərhədimizi qoruyuruq. Ukraynanın başına gələnləri gördük. Ona görə də mümkün hücuma hazır olmalıyıq", – sözçü bildirib.

“Polityka Insight” beyin mərkəzinin Təhlükəsizlik və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Marek Sverçinski layihənin gedişatını alqışladı: “Görünür, Avrasiyada gözümüzün önündə yeni bölünmə formalaşır”.

NATO-nun şərq cinahında yerləşən və son illərdə hərbi potensialını əhəmiyyətli dərəcədə artıran Polşa şimalda Rusiya (xüsusən Kalininqrad vilayəti) və şərqdə Belarusla həmsərhəddir. Bu ölkələr arasındakı dar quru dəhlizi münaqişə vəziyyətində NATO-nun ən zəif halqası sayılan Litva və Baltikyanı ölkələrə açılır.

Polşanın dövlət katibi Sezari Tomçikin sözlərinə görə, “Şərq qalxanı” layihəsi və Belarus sərhədində analoji müdafiə xətti üç il ərzində tamamlanacaq. Bu layihəyə milyardlarla avro büdcə ayrılıb və onun maliyyələşdirilməsinə Avropa Birliyi də öz töhfəsini verir.

Mart ayında Polşa Müdafiə Nazirliyi Avropa İnvestisiya Bankının layihəyə 1 milyard avro ayırmağa prinsipial razılıq verdiyini açıqlamışdı.

Layihəyə həmçinin tank əleyhinə maneələr şəbəkəsi, möhkəmləndirilmiş xəndəklər və bunkerlər daxildir.

 





17.06.2025    çap et  çap et